Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
Açıqlama
İqtisadiyyat 111

Dünya enerji bazarlarında neft qiymətlərində artım tendensiyası davam edir.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın "Azeri Light" markalı neftinin bir barelinin dəyəri son hərracların nəticələrinə əsasən 10,89 ABŞ dolları və ya 8,33 faiz yüksələrək 141,68 ABŞ dollarına çatıb.

Bazar iştirakçılarının məlumatına görə, qiymət artımı qlobal geosiyasi gərginliklər və enerji daşımalarında yaranan risklərlə əlaqədardır. Eyni zamanda, beynəlxalq etalon sayılan "Brent" markalı neftin iyun fyuçersləri də bahalaşaraq 141,37 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Mütəxəssislər hesab edirlər ki, hazırkı dinamika enerji bazarında qeyri-müəyyənliyin davam etdiyini göstərir və bu da yaxın dövrdə qiymətlərin yüksək səviyyədə qalmasını şərtləndirə bilər.

Maraqlıdır ki, neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün hansı imkanlar və risklər yaradır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, Azərbaycan neft bazarında sabit qiymətlərin qorunmasında və kəskin volatilliyin qarşısının alınmasında maraqlıdır. Bu mövqe ölkə rəhbərliyi tərəfindən də dəfələrlə vurğulanıb və qeyd edilib ki, stabil qiymət mühiti Azərbaycanın iqtisadi maraqlarına daha uyğundur:

"Eyni zamanda, Hörmüz boğazında yaranan gərginlik və enerji məhsullarının daşınması ilə bağlı risklər dünya bazarında neftin qiymətinə birbaşa təsir göstərir. Bu proseslər nəticə etibarilə Azərbaycanın ixrac gəlirlərinə və ölkəyə daxil olan valyuta axınına təsirsiz ötüşmür.

2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində götürülüb. İlkin ayların göstəricilərinə baxsaq, yanvarda bu rəqəm təxminən 63 dollar, fevralda isə 67 dollar olub. Yəni, İranla bağlı hərbi gərginlik yaranana qədər qiymətlər büdcədə nəzərdə tutulan səviyyəyə yaxın idi. Lakin sonrakı hadisələr neftin qiymətində kəskin artıma səbəb oldu.

Proqnozlara görə, 2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 43 faizi – təxminən 16,4 milyard manat – neft-qaz sektorunun payına düşəcək. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondundan transfertlər, 3,6 milyard manatı isə birbaşa neft sektorundan daxilolmalar hesabına formalaşacaq".

Deputat hesab edir ki, neft qiymətlərində artımın müsbət tərəfləri də var:

"Belə ki, bu artım Dövlət Neft Fondunun gəlirlərinin yüksəlməsinə, ölkənin valyuta ehtiyatlarının genişlənməsinə səbəb olur. Eyni zamanda, enerji sektorundan büdcəyə daxil olan vəsaitlərin həcmi artır ki, bu da ümumi fiskal dayanıqlılıq baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə, yüksək neft qiymətləri ixrac dəyərini artırmaqla ölkəyə daha çox valyuta daxil olmasını təmin edir, tədiyyə balansında müsbət saldonu gücləndirir və valyuta ehtiyatlarının artmasına töhfə verir. Bu isə Azərbaycanın makroiqtisadi sabitliyinin qorunmasında əsas faktorlardan biri kimi çıxış edir".

Orxan Hüseyn

Son xəbərlər