Mikayıl Cabbarov: "Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ildən 50 milyard dollar səviyyəsində sabitləşib"
2022-ci ildən etibarən Azərbaycanın xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 2018-ci ildən başlayaraq vergi, gömrük və əmək bazarı sahəsində islahatlara start verilib və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib:
"Bu dövr ərzində qeyri-neft qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58 %-dən, cari ilin son tarixinə 70 %-dək yüksəlib. 2022-2025-ci illərdə orta illik hesabla ümumdaxili məhsulun 3,3 % artması gözlənilir və bu da strategiya ilə müəyyən edilmiş diapazon, yəni 3-4 % çərçivəsindədir. ÜDM-in artımı tamamilə qeyri-neft qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1 % olacağı gözlənilir ki, bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyası ilə müəyyən olunmuş hədəfdən 1,1 faiz bəndi yüksəkdir. İqtisadi inkişafımızın daha böyük mənzərəsini görmək üçün bir faktı qeyd edim ki, 2019-2024-cü illərdəki orta illik artım tempi 2,3 % təşkil edib. Bu isə 2010-2020-ci illərdəki orta illik artım tempindən, təxminən iki dəfə yüksək olub. 2019-2025-ci illərdə neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artım nümayiş etdirib. Bu dövr ərzində informasiya və rabitə (11 %), qeyri-neft qaz sənayesi (9,7 %), nəqliyyat və anbar təsərrüfatı (7,8 %) orta illik artım templəri üzrə lider sahələri sırasındadır".
M. Cabbarov qeyd edib ki, 2019-2024-cü illərdə iqtisadiyyatda bir sıra mühüm struktur dəyişiklikləri baş verib: "Bu dəyişikliklər əslində keçmişdə, o cümlədən devalvasiyadan əvvəlki dövrlərdə müşahidə olunmayan keyfiyyətcə yeni iqtisadi mənzərəni özündə ehtiva edir. Belə ki, dövr ərzində qeyri-neft qaz ixracı iki dəfə böyüyərək 3,4 milyard ABŞ dolları olub, ixrac olunan əmtəə sayı isə 15 % artaraq 2 810-a çatıb. Neft-qaz qiymətlərinin və hasilatının azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib".
Oxşar xəbərlər
Taleh Kazımov: "Valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib"
2025-ci ilin ötən dövründə valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbayca...