Makroiqtisadi sabitlik: Strateji ehtiyatlar artıb, xarici borc azalıb

Makroiqtisadi sabitlik: Strateji ehtiyatlar artıb, xarici borc azalıb
Foto
İqtisadiyyat 17

Azərbaycanın 2026-cı ilin ilk yarısı üzrə makroiqtisadi göstəriciləri açıqlanıb. Hesabat dövründə investisiyalar, qeyri-neft sənayesi, kənd təsərrüfatı, nəqliyyat və informasiya-rabitə sahələrində artım, strateji valyuta ehtiyatlarında və əhalinin gəlirlərində yüksəliş, xarici dövlət borcunda isə azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında ölkədə 65 milyard 207 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz çoxdur. Bəs bu artım necə qiymətləndirilməlidir? Artımın əsas mənbələri nədir və ilin ikinci yarısında dinamikanın sürətlənməsi mümkündürmü?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Makroiqtisadi sabitlik: Strateji ehtiyatlar artıb, xarici borc azalıb

"Fiskal intizam mexanizmlərinin nəticəsidir"

Deputat, iqtisad elmləri doktoru Rövşən Muradovun sözlərinə görə, 2026-cı ilin ilk yarısı üzrə açıqlanan makroiqtisadi göstəricilər Azərbaycanın qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində belə, dayanıqlı inkişaf trayektoriyasını qoruduğunu sübut edir:

"Dünya iqtisadiyyatında artım tempinin zəiflədiyi, enerji bazarlarında qiymət dəyişkənliyinin davam etdiyi və geosiyasi risklərin beynəlxalq ticarətə mənfi təsir göstərdiyi bir dövrdə ölkəmizdə ÜDM-in müsbət dinamika nümayiş etdirməsi həyata keçirilən makroiqtisadi siyasətin və fiskal intizam mexanizmlərinin səmərəliliyindən xəbər verir. Bu göstəricinin arxasında, əslində, iqtisadiyyatın struktur transformasiyası dayanır. Qeyri-neft sənayesində, kənd təsərrüfatında, nəqliyyat-logistika və informasiya-kommunikasiya texnologiyaları sahələrində qeydə alınan nəticə onu göstərir ki, iqtisadi artımın mənbələri tədricən daha geniş və şaxələndirilmiş əsaslar üzərində formalaşır. Makroiqtisadi göstəricilərin kompleks təhlili onu deməyə əsas verir ki, ölkədə maliyyə dayanıqlığını təmin edən fundamental indikatorlar müsbət dinamikaya malikdir. Strateji valyuta ehtiyatlarının artması, xarici dövlət borcunun azalması, əsas kapitala yönəldilən investisiyaların və əhalinin gəlirlərinin yüksəlməsi iqtisadi təhlükəsizlik baxımından etibarlı maliyyə bazasının formalaşdığını təsdiqləyir".

Makroiqtisadi sabitlik: Strateji ehtiyatlar artıb, xarici borc azalıb

"Növbəti mərhələ üçün güclü potensialımız var"

R.Muradov bildirib ki, açıqlanan 0.8 faizlik artım ilin yekun iqtisadi artım tempini tam ifadə etmir. İlin ikinci yarısında investisiya layihələrinin iqtisadi dövriyyəyə daha intensiv qoşulması, qeyri-neft sektorunda istehsalın genişlənməsi və daxili iqtisadi fəallığın artması ümumi böyüməyə əlavə töhfə verəcək:

"Bu baxımdan, hökumətin ilin sonuna hədəflədiyi 2 faizdən yuxarı iqtisadi artım proqnozu mövcud makroiqtisadi dinamika ilə tam uzlaşır. Düzdür, beynəlxalq praktikada inkişaf etməkdə olan ölkələr üçün 2 faiz ətrafında artım çox yüksək dinamika hesab olunmaya bilər. Lakin qlobal qeyri-müəyyənliklər, enerji bazarlarındakı dəyişkənlik və neft hasilatına təsir edən obyektiv amillər fonunda bu nəticənin əldə olunması makroiqtisadi sabitliyin qorunmasının və aparılan iqtisadi siyasətin dayanıqlılığının göstəricisi kimi qiymətləndirilməlidir. İqtisadi inkişafın növbəti mərhələsi üçün də kifayət qədər güclü potensial mövcuddur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq proqramları, sənaye parklarının istehsal imkanlarının genişləndirilməsi, Orta Dəhlizin artan geoiqtisadi əhəmiyyəti, rəqəmsal iqtisadiyyatın inkişafı və qeyri-neft ixracının stimullaşdırılması yaxın perspektivdə iqtisadi artımın keyfiyyətini daha da yüksəldəcək. Xüsusilə, real sektora yatırılan məhsuldar investisiyaların yaradacağı multiplikativ təsir orta və uzunmüddətli dövrdə iqtisadi artım tempinin sürətlənməsinə mühüm töhfə verəcək".

Makroiqtisadi sabitlik: Strateji ehtiyatlar artıb, xarici borc azalıb

"Tikinti və xidmət sektoru artımın əsas mənbələri olub"

İqtisadçı Rəşad Həsənov isə düşünür ki, qeydə alınan 0.8 faizlik artımı pozitiv dinamika və müsbət meyil kimi dəyərləndirmək olar. Lakin nəzərə almalıyıq ki, Azərbaycan inkişaf etməkdə olan, xammala əsaslanan iqtisadiyyata malikdir. Belə bir şəraitdə ölkədəki iqtisadi artım tempinin qlobal göstəricilərdən aşağı olması ciddi narahatlıq doğurur:

"Hazırda müxtəlif istiqamətlərdə, xüsusilə dövlət nəzarətindəki xüsusi iqtisadi zonalarda böyükhəcmli investisiyalar həyata keçirilir. 0.8 faizlik artımı şərtləndirən başlıca təsiredici faktor əsas kapitala qoyuluşlar, daha dəqiqi, tikinti sektorudur. Xatırladaq ki, beşaylıq nəticələrə görə, tikinti sektorunda 19 faizlik kiçilmə müşahidə olunurdu və bu, iqtisadi durğunluğu yaradan əsas amillərdən biri kimi çıxış edirdi. Hazırda isə əsas kapitala investisiya qoyuluşlarında ciddi artımın şahidi oluruq. Belə ki, beşaylıq nəticələrə görə bu göstərici -2.1 faiz (azalma) idisə, altıaylıq yekunlarda birdən-birə 13.8 faizlik artım qeydə alınıb. Bu, kifayət qədər əhəmiyyətli rəqəmdir və məhz bu sahədən qaynaqlanan yeni bir böyümə bazasının formalaşdığını söyləmək mümkündür. Artımı dəstəkləyən ikinci istiqamət isə xidmət sektorudur. Çox güman ki, istirahət, əyləncə və turistlərin yerləşdirilməsi kimi sahələrdə mövsümlə əlaqədar olaraq müsbət konyunktur formalaşıb. Məhz bu tendensiya yekunda kiçik həcmdə olsa belə, ümumi iqtisadi artımın ortaya çıxmasını şərtləndirən növbəti həlledici amilə çevrilib".

Makroiqtisadi sabitlik: Strateji ehtiyatlar artıb, xarici borc azalıb

"İqtisadi siyasət yenidən dizayn edilməlidir"

İqtisadçının fikrincə, qısamüddətli dövrdə iqtisadiyyatda ciddi nəticələrin əldə edilməsi yalnız "dopinq" effekti yaradan addımlarla mümkündür. Buraya büdcə xərcləmələrinin və əsas kapitala qoyuluşların artırılması kimi qısamüddətli həllər, eləcə də turizm sektorunda kəskin sıçrayış yarada biləcək radikal qərarlar daxildir:

"Lakin ilin qalan aylarında da iqtisadiyyatın böyüməsinə əsas təsir yenə də tikinti sektoru və dövlət investisiyalarından gələcək. Orta və uzunmüddətli dövr üçün isə iqtisadi siyasət yenidən dizayn edilməli və mövcud konservativ yanaşmadan imtina olunmalıdır. Vergi yükünün azaldılması, təşviqlərin artırılması, bazara daxilolma və çıxma maneələrinin aradan qaldırılması, eləcə də inhisarçılığın zəiflədilməsi istiqamətində tədbirlər mütləq genişləndirilməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər