Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti

Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti
İqtisadiyyat 2

Milli Məclis "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə düzəlişlər edilməsinə dair qanun layihəsini birinci oxunuşda qəbul edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Azərbaycanda gömrük qurumlarının vəzifəli şəxslərinin digər vəzifələrə təyin edilməsi ilə əlaqədar hazırkı qaydalara dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Belə ki, gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsinə yalnız onların öz razılığı əsasında icazə verilir.

Bundan əlavə, gömrük qurumlarının vəzifəli şəxsləri yuxarı vəzifəyə irəli çəkildikdə, ailə şəraitinə, tibb komissiyasının rəyinə əsasən sağlamlıq vəziyyətinə, yaş həddinə görə, rotasiya prinsipi ilə, Azərbaycanda gömrük işini həyata keçirən icra hakimiyyəti orqanının göndərişi əsasında təhsil müəssisələrinin əyani təhsil formasına qəbul edilmələri ilə əlaqədar vəzifədən azad olunduqdan sonra təhsillərini başa çatdırdıqda, ştatların ixtisar olunması nəticəsində bərabər vəzifəyə keçirilmələri mümkün olmadıqda, attestasiya nəticələrinə görə tutduqları vəzifəyə uyğun gəlmədikləri aşkar edildikdə və intizam cəzası qaydasında başqa işə keçirilirlər.

Qanun layihəsinə müvafiq olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının aparılması qaydası Azərbaycanda gömrük işini icra edən icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.

Bildirilib ki, sənəd gömrük orqanlarında kadr heyətinin xidmət üzrə digər vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyi və rotasiya institutunun tətbiqi üçün lazımi normativ hüquqi bazanı formalaşdırmağı hədəfləyir. Bu dəyişikliklər gömrük sistemində peşəkar idarəetmənin gücləndirilməsinə, xidməti intizamın möhkəmləndirilməsinə, institusional çevikliyin artırılmasına və korrupsiya risklərinin öncədən qarşısının alınmasına yönəlib.

Nəticə etibarilə, layihənin qəbul edilməsi Azərbaycan Prezidentinin dövlət qulluğunun inkişafı sahəsində təyin etdiyi strateji məqsədlərin gömrük orqanlarında gerçəkləşdirilməsinə, kadrlar arasında qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə, peşəkarlıq səviyyəsinin yüksəlməsinə və xidmətin təşkilinin təkmilləşdirilməsinə hüquqi zəmin yaradacaq.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər