Filip Endal: "Çexiyanın su ehtiyatlarının idarə edilməsi texnologiyalarına Azərbaycanda tələbat ola bilər"
Çexiya su ehtiyatlarının idarə edilməsi sahəsində Azərbaycanla tərəfdaşlıqda böyük potensial görür.
Bunu "Report"a açıqlamasında Çexiyanın regional inkişaf nazirinin müavini Filip Endal Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
F.Endal qeyd edib ki, hazırda enerji dayanıqlığının təmin edilməsi Çexiya üçün prioritet vəzifədir, belə ki, ölkə digər Avropa dövlətlərinə təsir edən analoji elektrik kəsintilərlə üzləşib.
"Buna görə də enerji sektorunda sabitliyi təmin etmək vacibdir. Məsələn, yerli enerji şəbəkələrini dəstəkləmək üçün akkumulyator sistemləri tapmaq tələb olunur. Hesab edirəm ki, bu istiqamətdə birgə fəaliyyət üçün potensial mövcuddur. Bundan başqa, binalar üçün yüksək texnologiyalı həllər sahəsində böyük təcrübəyə malikik. Su ehtiyatlarının idarə edilməsi sahəsində mükəmməl texnologiyalarımız var", - nazir müavini deyib.
O hesab edir ki, dünyanın bir çox şəhərləri üçün məhz su ehtiyatlarının idarə edilməsi prioritet vəzifəyə çevrilə bilər.
"Məsələ bundadır ki, bizdə indi də yağışlı dövrlər mütəmadi, lakin qısamüddətli xarakter daşıyır və suyun əhəmiyyətli hissəsi sadəcə axıdılır. Bizə isə onu şəhər mühitində saxlamaq, yaşıllaşdırma, parkların salınması, kanalizasiya sistemləri və oxşar ehtiyaclar üçün istifadə etmək lazımdır. Hesab edirəm ki, digər şəhərlərdə əks problem mövcuddur - orada yağıntılar yoxdur və ya son dərəcə az olur. Buna görə də bu cür texnologiyalar Azərbaycanda su ehtiyatlarının idarə edilməsində də faydalı ola bilər", - F.Endal bəyan edib.
Azad edilmiş ərazilərdə infrastruktur layihələri ilə ətraflı tanışlıq məqsədilə Çexiyanın tikinti şirkətləri və mühəndislərinin Azərbaycana işgüzar missiyasının mümkün təşkili mövzusuna toxunan nazir müavini bunun möhtəşəm ideya olduğunu bildirib. "Mən bunu nazirliyimizin diqqətinə çatdıracağam. Düşünürəm ki, bu, real fayda gətirə bilər. Bu sektorda fəaliyyət göstərən çoxlu şirkətlərimiz var. Bu, çox perspektivli fikirdir. Düşünürəm ki, belə bir missiyanın təşkili əla addım olardı", - o əlavə edib.
Oxşar xəbərlər
Anar Quliyev: Azərbaycan Meksikaya WUF14-ün keçirilməsində dəstək göstərməyə hazırdır
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyasının (WUF14) uğurla keçirilməsinə hazırlıqda Meksikaya dəstək göstərməyə hazırdır. BAKU.WS xəbər verir k...