Dünya Bankı COP29-dan sonra inkişaf etməkdə olan ölkələr üçün investisiya perspektivlərini açıqlayıb

Dünya Bankı COP29-dan sonra inkişaf etməkdə olan ölkələr üçün investisiya perspektivlərini açıqlayıb
İqtisadiyyat 23

Ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) beynəlxalq karbon bazarları üzrə əldə edilmiş razılaşma ölkələrin bu bazarlarda iştirakının genişlənməsinə kömək edə və aşağı gəlirli ölkələrə daha böyük investisiya axınlarını cəlb edə bilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının "2025-ci ilin karbon qiymətqoyma vəziyyəti və tendensiyaları" adlı yeni hesabatında bildirilib.

Sənəddə vurğulanıb ki, COP29-da Paris Sazişinin istixana qazı emissiyalarının azaldılması sahəsində beynəlxalq əməkdaşlığı tənzimləyən 6-cı Maddəsi üzrə qaydalar razılaşdırılıb. Xüsusilə, 6.2 (kooperativ yanaşmaları) və 6.4 (beynəlxalq karbon kreditləşdirmə mexanizmi) Maddələri üzrə əsas müddəalar təsdiqlənib. Bu isə beynəlxalq karbon bazarlarının daha şəffaf və proqnozlaşdırıla bilən fəaliyyəti üçün əsas yaradıb.

6.2 Maddəsi çərçivəsində dövlətlərarası karbon vahidlərinin transferi üçün daha böyük hüquqi müəyyənlik təmin edən bir sıra texniki aspektlər üzrə razılaşma əldə edilib. Xüsusilə, beynəlxalq ötürülə bilən yumşaldılma adlı nəticələrin (ITMO) icazə verilməsi üçün prosedurlar və tələblər təsdiq olunub. ITMO bir ölkənin emissiyaların azaldılması sahəsində əldə etdiyi nəticələri rəsmi olaraq digər dövlətə ötürdüyü vəziyyətlərdir.

BMT-nin himayəsi altında karbon kreditləşdirmə mexanizminin (PACM) yaradılmasına dair 6.4 maddəsinə gəlincə, iki əsas standart təsdiqlənib. Bunlar ölçmə metodologiyaları və emissiyaların aradan qaldırılması üzrə standartlardır. Həmçinin, bir sıra mübahisəli məsələlər aydınlaşdırılıb. Bunlar, PACM Nəzarət Orqanı və Metodologiya Ekspert Qrupuna mexanizmin tam işə salınması üçün qalan normativ sənədlərin və alətlərin hazırlanmasına diqqət yetirməyə imkan verir.

"Hazırda altı əsas metodologiyanın yenidən nəzərdən keçirilməsi davam edir. Cari ilin fevralında PACM Nəzarət orqanı tərəfindən müvəqqəti reyestrin fəaliyyət prosedurlarının təsdiqlənməsi mühüm addım olub. O, Təmiz İnkişaf Mexanizminin (CDM) reyestrinin texniki bazasına əsaslanır. Bu müvəqqəti reyestr tam versiya istifadəyə verilənə qədər 6.4 Maddəsi mexanizmi çərçivəsində tullantıların azaldılması vahidlərinin (A6.4ERs) istismarına və izlənməsinə imkan verəcək. İstifadəçilərin sistemə girişi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyi tərəfindən əlavə təlimatlar dərc edildikdən sonra gözlənilir", - hesabatda qeyd olunub.

Son xəbərlər