Dollarla kredit götürənlərə güzəşt olacaqmı?
26
may
2018
11:25
Azərbaycan manatının devalvasiyasından sonra ölkədə iqtisadi durum ağırlaşdı. Gərginlik ən çox bank sektorunda nəzərə çarpmağa başladı. Bunun da səbəbi, ABŞ dollarının 0,78 AZN olduğu vaxt əhalinin çoxunun kreditləri xarici valyuta ilə götürməsi idi. 2015-ci il fevralın 21-də manatın ilk devalvasiyası zamanı əhalinin durumu ağırlaşdı.Üstəlik, həmin ilin dekabrın 21-də manatın ikinci devalvasiyası vəziyyəti daha da ağırlaşdırdı. Həmin dövrdə kredit götürənlərin çoxu borcları ödəməməyə başladı. Bununla da, arada yaranan artıq fərq, bankların qoyduğu illik faiz dərəcəsi və üstəlik əlavə cərimələr vətəndaşın borcunu daha da şişirtdi.Mərkəzi Bankın rəsmi rəqəmlərinə diqqət yetirsək görərik ki, 2016-ci ilin sonu - 2017-ci ilin əvvəllərində vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 472 milyon manat idisə, artıq bu rəqəm 2 milyarda çatıb.
Göründüyü kimi, böyük fərq yaranıb. Vəziyyətin ağırlaşması həmin dönəmdə cəmiyyətdə ajiotaja səbəb oldu. Ekspertlərin çoxu diqqəti bu istiqamətə yönəltdi. Mərkəzi Bank da bu istiqamətdə guya nəsə etməyə can atdı.Əhaliyə güzəşt mexanizmi hazırlanmağa başlandı. 2015-2016-cı illərdə və 2017-ci ilin ilk aylarında bu məsələ gündəm idi, lakin sonradan məsələ yaddan çıxdı. Sanki bu problem kökündən həll edilib.Bəs hazırda vəziyyət nə yerdədir? Durumu öyrənmək üçün bir neçə bankla əlaqə saxladıq. Məlum oldu ki, bu məsələdə gərginlik davam edir. Hətta vəziyyət daha kəskin hal alıb. Vətəndaşların bir çoxu borclarını ödəmək üçün bankların təklif etdiyi əlverişsiz güzəştlərlə razılaşmalı olublar.Tətbiq olunan güzəştlərə baxmayaraq, banklar vətəndaşlardan borcları dolların hazırkı kursu ilə tələb edir. Gəlin görək güzəştlər nədən ibarətdir?
İlk güzəştlərdən biri kredit müddətinin uzadılmasıdır. Vətəndaşın istəyinə uyğun olaraq kreditlərin ödənişi 5 ilə qədər uzadılır.Digər güzəştlərdən biri də illik faiz dərəcələrinin 26-dan 15-ə qədər azaldılmasıdır. Bundan başqa, bəzi banklar vətəndaşdan krediti alarkən Mərkəzi Bankın dolları həmin günə müəyyən etdiyi məzənnə ilə götürürlər. Yəni əlavə pul tələb etmirlər. Bakıda fəaliyyət göstərən banklarda isə daxili qaydaya uyğun olaraq, müştərilər üçün xüsusi güzəştlər də nəzərdə tutulub. Əgər müştəri bankdan götürdüyü kreditin hamısını qaytarmaq istəyirsə, bu zaman ABŞ dollarını 1,58 AZN ilə hesablanır. Lakin bu güzəştlər bütün banklarda tətbiq edilmir.Ekspertlər isə hazırkı güzəştlərin əhaliyə heç bir xeyir gətirmədiyini düşünürlər. Keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı alim Fikrət Yusifov bildirir ki, dollarla kreditlərin qaytarılmasında ilk öncə vəkil banklar (yəni vətəndaşlara kredit verən kommersiya bankları) məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, banklar müştərilərinə real güzəştlər etməlidir.
“Dəfələrlə deyilməyinə baxmayaraq, banklar bu sahədə çox cuzi güzəştlər həyata keçirirlər. Əslində bunlar heç güzəşt də sayılmır. Buna “formal xarakter daşıyır” desək daha doğru olar. Nəzərə almaq lazımdır ki, insanların gəlirləri manatladır. Zamanında banklar müştərilərin istəyinə uyğun olmayaraq ABŞ dolları ilə kredit veriblər. Hazırda isə onların pulları manatla qaytarma imkanları yoxdur. Çünki bu məbləğ 3-4 dəfə artıb”, - deyə F.Yusifov bildirib.Ekspert deyir ki, problemin yeganə yolu Mərkəzi Bank və digər hökumət qurumlarının iradəsi ilə real güzəşt mexanizmi tətbiq etməkdir: “Mərkəzi Bank uzun müddətli kreditlər şəklində kommersiya banklarına yardım edə bilər. Belə olan halda, kommersiya bankları vətəndaşlara öz hesablarına güzəştə gedə bilərlər. Nəticədə də, vətəndaşların xarici valyuta hesabına götürdüyü kreditlərin yükü azalar və problemli kreditlərin həcmi minimuma düşə bilər”.F.Yusifov deyir ki, xarici valyuta ilə verilən kreditlər üçün illik 15 % dərəcəsi çoxdur. Yəni, bu mexanizm güzəşt kimi göstərilməməlidir.İqtisadçı ekspert Vüqar Bayramov da hazırda bankların tətbiq etdiyi güzəşt mexanizmini əhəmiyyətsiz sayır. Onun sözlərinə görə, bu güzəştlər əhaliyə xidmət etmir:
“Hazırda bankların tətbiq etdiyi güzəştlərdən biri kredit müddətinin uzadılmasıdır. Bu isə vətəndaşların maddi durumunu daha da ağırlaşdırır. Yəni uzadılan müddətdə əlavə edilən faiz xərcləri yenidən müştərini pis vəziyyətə salır və onun əmək haqqısı imkan vermir ki, borcu qaytarsın. Bankların tətbiq etdiyi digər güzəşt isə illik faiz dərəcələrinin endirilməsidir. Təbii ki, istənilən halda faiz dərəcələrinin azaldılması yaxşı haldır. Bu vətəndaşa daha az ödəniş etməyə imkan verir. Lakin faizin azaldılması problemin həlli deyil. Həll üçün yaranmış fərqlərə güzəşt tətbiq etmək lazımdır. Güzəştlərdən biri olaraq bankların krediti alarkən Mərkəzi Bankın göstərdiyi məzənnə ilə qəbul etməsi də arada çox kiçik fərq edir. Yəni güzəşt dedikləri bu mexanizm vətəndaşın maddi durumunu düzəltmir”.V.Bayramov problemdən çıxış yolu kimi bunu təklif edir:“2015-ci ildə Mərkəzi Banka iki tərəfli sadə güzəşt mexanizmini təklif etmişəm. Sadə güzəşt mexanizminin özəlliyi budur ki, dolların bahalaşmasından sonra arada yaranmış fərq 3 tərəf arasında bölüşdürülür. Yəni vətəndaş krediti 0,78 məzənnə ilə götürüb, hazırda isə bu fərq 1,70-dir. Bu fərq dövlət, bank və vətəndaş arasında bölünməlidir. Bunun üstünlüyü budur ki, heç bir tərəfə ağırlıq düşmür. Bu zaman bütün tərəflər devalivasiya zamanı yaranmış fərqin 3-də birini ödəyir. Yəni yaranmış fərqin bir hissəsini dövlət, bir hissəsini kommersiya bankı, yerdə qalan hissəsini isə vətəndaş ödəyir. Bu vətəndaşın da xeyrinə olan güzəştdir. Çünki vətəndaş dolları 1,70 ilə deyil, 1,08 ilə qaytarır. Kommersiya bankları üçün də bu zaman müsbət vəziyyət yaranır. Problemli kreditlərin sayı azalır. 2018-ci ildə də bu mexanizmin tətbiqi üçün gec deyil”. Qeyd edək ki, kredit probleminin həll edilməməsi vətəndaşlarla yanaşı banklar üçün də zərərlidir. Nəticə etibarı ilə 2016-cı ildə 11 bank, 2017-ci ildə isə 1 bank fəaliyyətini dayandırdı.Problemli kreditlərdə güzəşt mexanizminin tətbiqi gələcəkdə bankların bağlanmasının da qarşısını alır.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dollarla olan əmanətlər açıqlandı
2018-ci il fevaralın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 497,0 milyon manat təşkil edib.BAKU.WS...