Bu günün sığortası gələcəyimizin təminatıdır
İngilislərin yaxşı bir misalı var. “My home is my castle”- “Mənim evim mənim qalamdır”. Bu qalanı qorumaq isə hər bir mülkiyyətçinin borcudur. Baş verə biləcək istənilən xoşagəlməz, fövqəladə hadisələrdən. Sual oluna bilər necə qoruyaq? Cavab daşınmaz əmlakın sığortasındadır. Bəs görəsən daşınmaz əmlakın sığortası nədir?
Onu deyim ki, sığortanın bu növü daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Əmlak sığortasının ilk dəfə harda və hansı zərurətdən yaranması tarixinə nəzər salsaq görərik ki, belə bir anlayış ilk dəfə 1666-cı ildə Londonda meydana gəlib.
Çünki məhz 1666-cı ildə Birləşmiş Krallığın paytaxtı Londonda baş verən böyük yanğın nəticəsində on üç mindən çox ev yararsız hala düşmüşdü. Bu hadisə əmlaka dəyən zərərin ödənilməsi ideyasını yaratdı. Lakin bu proses necə həyata keçirilməlidir, hansı qaydalar tətbiq edilməlidir axtarışları düz 15 il çəkdi.Və nəhayət 1681-ci ildə iqtisadçı Nikolas Barbon əmlakın sığortalanması sistemini yarada bildi. Artıq 3 əsrdən çoxdur ki,bütün dünyada daşınmaz əmlakın sığortalanması prosesi həayata keçirilir. Daşınmaz əmlakın sığortalanması əsasən inkişaf etmiş ölkələrdə daha geniş tətbiq edilir və demək olar ki, mənzillərin 90 faizə qədəri sığortalanır. Azərbaycanda isə bu vaxta qədər daşınmaz əmlakın sığortalanması prosesi məcburi xarakter daşımayıb.
Sığortanın bu növündən istifadə edənlərın sayı kütləvi olmasa daşınmaz əmlakını sığorta etdirənlər olub.Ona görə də indiyədək hər hansı bir fövqəladə hal baş verdikdə dəymiş zərər dövlət büdcəsindən ayrılan vəsait hesabına aradan qaldırılıb. Amma hər zaman daha optimal həll yoları axtarıldığından daşınmaz əmlakın icbari sığortası vasitəsilə bu prosesin kütləviləşdirilməsinə qərar verildi. Beləliklə 2020-ci ilin əvvəlindən başlayaraq daşınmaz əmlakın icbari sığortası sisteminin tətbiqinə başlanıldı. Daşınmaz əmlakın icbari sığortası vətəndaş məsuliyyətsizliyini azaltmağa, baş verə biləcək hadisələrdən ən az zərərlə çıxmağa hesablanıb. Mütəxəssislər daşınmaz əmlakın icabri sığortasının vacibliyini belə izah edirlər.
Məsələn, Standart İnsurance Sığorta Şirkətinin İdarə Heyətinin sədri Kamran Babayev deyir ki, daşınmaz əmlakın icbari sığortası əmlak sahibini gələcəkdə baş verə bilən böyük zərərlərdən qoruyur: “Statistika onu göstərir ki, əmlak üzrə hadisə tezliyi aşağıdır, amma əsasən böyük hadisələr baş verir. Bir neçə il hadisə olmaya bilər, amma bir dəfə olan hadisə əmlak sahibini ciddi xərclərlə üzləşdirər ki,bu isə sahibkarları hətta bankrot vəziyyətinə gətirib çıxara bilər”.
Daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyət anlayışı da meydana çıxır.Bu zaman mülki məsuliyyətin icbari sığortası da aktuallaşır. Ekspertlər, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının çox önəmli olduğunu bildirirlər. Hətta bir qrup sığorta mütəxəsisi mülki məsuliyyətin sığortasının əmlak sığortasından daha vacib olduğunu qeyd edir. Standart İnsurance Sığorta Şirkətinin İdarə Heyətinin sədri Kamran Babayevin sözlərinə görə, əmlakın istismarı ilə bağlı digər şəxslərə zərər vurularsa, əmlak sahibi zərərçəkən qarşısında məsuliyyət daşıyır və zərəri ödəməlidir. Öz əmlakı olsa, zərəri bərpa etmək və ya etməmək qərarını əmlak sahibi özü verə bilər, çünki öz əmlakıdır. Amma başqa şəxsə dəyən zərərə görə belə düşünə bilməyəcək – zərər hər bir halda ödənilməlidir. Buna görə də məsuliyyət sığortası çox önəmlidir deyir Kamran Babayev.
Daşınmaz əmlakın icbari sığortası kimlərə şamil edilir və hansı növ zərərlərə təminat verir sualının cavabını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Məsumə Talıbova belə izah edir. Deyir ki, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası qeyd olunan hər hansı daşınmaz əmlakı olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslərə aid edilir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Eyni zamanda, yaşayış binasının qeyri-yaşayış sahələrinin icbari sığorta etdirilməsi tələb olunmur.
İcbari sığorta daşınmaz əmlakın konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Daşınmaz əmlakın sığorta risklərinin – yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, torpaq sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
İcbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilməyən hadisələrə gəlincə isə bunlar - hərbi əməliyyatlar, terrorçuluq, radioaktiv çirklənmə kimi hadisələr nəticəsində dəyən zərər, pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlaka dəymiş zərər,sığortalıya dəymiş mənəvi zərər, eyni zamanda, sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, pensiya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda sığorta təminatı ödənilmir. Bundan başqa, sığortalının və ya rəhbər işçilərin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər (qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallar xaric), eyni zamanda hadisə baş verdiyi zaman dəyən zərərin azaldılması üçün mümkün tədbirləri görmək iqtidarında olduğu lakin heç bir addım atmadığı halda, sığortalanmış əmlaka istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun təsiri nəticəsində əmlaka zərərin dəyməsi, hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, qrunt sularının səviyyəsinin dəyişməsi, boruların şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma və ya təmir zamanı zədələnməsi icbari daşınmaz əmlak üçün sığorta hadisəsi hesab olunmur və dəyən zərər qarşılanmır.
Bundan başqa, hadisə barədə gec məlumat verildikdə və ya lazımi qaydada məlumat verilmədikdə sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olur və bu da sığorta şirkətinə ödənişlərdən imtina etmək hüququnu verir. Əmlaka zərər dəyməsində təqsirli olan şəxs dəyən zərəri tam ödədiyi təqdirdə də sığorta şirkəti heç bir ödəniş etmir, qismən ödəniş olduqda isə zərərin geridə qalan hissəsi sığorta şirkəti tərəfindən ödənilir.
Daşınmaz əmlakın icbari sığortalanması zamanı vətəndaşlardan yalnız şəxsiyyət vəsiqəsi və Əmlakın Dövlət reyestrindən çıxarışı tələb olunur.Sığortalanma prosesini həyata keçirmək üçün əvvəlcə sığorta şirkəti seçilmədir.Daşınmaz əmlakın faktiki sahibi icbari sığorta müqaviləsi bağlamaq üçün daşınmaz əmlakın icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdir.Daha sonra icbari sığorta müqaviləsi bağlanmalıdır.Bu müqavilə yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.
Sonrakı addımlar isə,daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsinin hazırlanmasıdır ki,bu sənəddə həm sığortalı -yəni əmlakın faktiki sahibi, yəni icarəyə götürmüş və ya digər qanuni əsaslarla istifadə edən, həm də sığortaçı tərəflərin məlumatları, daşınmaz əmlaka dair məlumatlar - yerləşdiyi ünvan, təyinatı, Dövlət reyestrindən çıxarışın seriya nömrəsi və sığortalıya istifadə hüququ verən digər sənədlər barədə məlumatlar,o cümlədən, sığorta şərtləri- sığorta məbləği, sığorta haqqı, azad olma məbləği, sığortanın qüvvədə olduğu ərazi, sığorta müqaviləsinin başladığı və bitdiyi tarixlər öz əksini tapır.Sonda isə İcbari Sığorta Bürosunun sifarişi, sığortaçının vəsaiti hesabına xüsusi lisenziyalı mətbəədə Şəhadətnamə blankının çap etdirilir ki,bununla da prosess başa çatmış olmur.
Hər hansı bir sığorta hadisəsi baş verdikdə dərhal sığorta şirkətinə və aidiyyəti üzrə müvafiq dövlət orqanlarına məlumat verilməlidir.Daha sonra daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirlər görülməlidir. Zərər dəymiş əmlakın sığorta şirkəti ona baxış keçirənədək hadisədən dərhal sonrakı vəziyyətdə -təmir və ya bərpa etdirilmədən saxlanılmalıdır. Zərər dəymiş daşınmaz əmlaka baxış keçirilməsi üçün sığorta şirkətinin nümayəndələrinə şərait yaradılmalı, sığortaçı lazım sənəd və məlumatları təqdim etməlidir. Eyni zamandan sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edilməsi də mütləqdir.Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasının sığorta şirkətindən tələb edilməsi və doldurularaq dərhal sığorta şirkətinə təqdim egmək lazımdır.
Əgər sığortaçı ödəmə qabiliyyətinin olmamasına görə şəhadətnamə üzrə əmlaka dəyən zərərlə bağlı öhdəliklərini yerinə yetirə bilmirsə, zərərin əvəzi sığorta olunanın müraciəti əsasında İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilməklə ödənilir.
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri Bakı üzrə 25 min manat, Gəncə, Sumqayıt, Naxçıvan MR üzrə 20 min manat, digər yaşayış məntəqələri üzrə isə 15 min manat məblğində müəyyən edilib.Sığorta məbləği hadisə baş verən zaman təminat verilən maksimal ödənişi ifadə edir. Azadolma məbləği sığorta hadisəsi zamanı sığortalıya ödənilən məbləğdən çıxılan hissədir. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği isə əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq dəyişir və faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Belə ki, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta haqqı sığorta məbləğinin 0,2 faizindən artıq olmamalıdır.
Azərbaycan höküməti daşınmaz əmlakın icbari sığortalanması prosesində az təminatlı ailələri nəzərə alaraq onların yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsini üzərinə götürüb.Beləliklə dövlət növbəti dəfə vətəndaşının yanında olduğunu bir daha sübüu etmiş oldu.Digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğlərinə gəlincə isə1. tikililər və binalar üzrə-sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşaasının dəyəri-bərpa dəyəri məbləğində
2. qeyri-yaşyış sahələri üzrə-sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texnki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində
Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə azadolma məbləği müvafiq icbari sığorta müqaviləsində razılaşdırılır. Azərbaycanda daşınmaz əmlakın icbari sığortasından yayınanlar üçün cəza tədbirləri də nəzərdə tutulub. Başqa sözlə əmlakını sığortalandırmayan 30 manat məbləğində cərimə ediləcək.Lakin onu da etiraf etməliyik ki,daşınmaz əmlakın icbari sığortası vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Etiraz edənlər də kifayət qədərdir desəm yanılmaram.Bunun bir çox səbəbləri var.
Birinci odur ki,sığorta haqqında müfəssəl bilgilərə malik deyillər. Sığortanın mahiyyət və əhəmiyyətindən xəbərsizdirlər. Əksəriyyət elə düşünür ki,sığortaya ödənilən vəsait əbəs yerə xərclənir el dili ilə desək havaya sovrulur. Əhali arasında belə bir fikrin formalaşmasında bəzi Sığorta şirkətlərinin rolu danılmazdır.
Çünki zaman-zaman göstərilən etimadı doğrulda bilmədiklərindən əhali arasında belə bir inamsızlıq formalaşıb.Lakin hər iki tərəf yəni həm sığorta etdirən həm də sığorta edən vəzifə və öhdəliklərini bilsə eləcə də sığorta müqaviləsinin hər bir bəndinə əməl etsə tərəflər arasındakı anlaşılmazlıq birdəfəlik həllini tapmış olar.
Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki,inkişaf etmiş ölkələrdə belə əmlakının icbari sığortasını könüllü edənlərin sayı azdır.Könüllü olaraq əmlakını sığorta etdirən vətəndaşların sayının artırılması üçün sığorta sistemi barədə genişmiqyaslı maarifləndirmə işlərinin aparılması zəruridir.Sığorta mütəxəssisləri özləri də maariflənmə işlərinə ciddi ehtiyyac olduğunu etiraf edirlər. Çünki,vətəndaşlar sığortanın bu növü haqqında hələ də kifayət qədər məlumatlı deyillər.
Standart İnsurance Sığorta Şirkətinin İdarə Heyətinin sədri Kamran Babayev daşınmaz əmlakın icbari sığortası zamanı sığorta şirkətlərinin üzərinə hansı öhdəliklər və məsuliyyət düşür sualımızı cavablandıraraq izah edir ki,hadisənin düzgün və ədalətli araşdırılması, zərərin düzgün hesablanması, ödənişin zamanında edilməsi, sığorta xidmətlərindən yararlanmaq üçün müştərilər üçün proseslərin sadələşdirilməsi mütləqdir. Hesab edirik ki,əhalidə daşınmaz əmlakın icbari sığortasına marağı artırmaq üçün maariflənmə işləri fasiləsiz davam etdirilməlidir. Həmçinin Sığorta şirkətləri xidmət səviyyələrini artırmalı,öhdəliklərini tam və zamanında yerinə yetirməlidirlər.
Bir sözlə ölkədə daşınmaz əmlakın icbari sığortalanması sisteminin qurulması çox böyük əhəmiyyət daçıyır. Gəlin xəsislik etməyək,minimal ödəniş etməklə gələcəyimizi baş verə biləcək risklərdən qoruyaq.
Aytən Abdulova
Oxşar xəbərlər
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - FOTO
Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. BAKU.WS xəbər verir ki, Azərb...