Ödənilməyən kreditlərlə bağlı hansı qərar veriləcək?

Ödənilməyən kreditlərlə bağlı hansı qərar veriləcək?
İqtisadiyyat 3883

 

Milli Məclisin son iclasında deputatlar 21 dekabrda baş verən devalvasiya məsələsindən danışaraq, əhalini ağır maddi durumdan çıxarmaq üçün müxtəlif təkliflər irəli sürüblər. Çıxışlarda əsas narahatlıqlardan biri də xarici valyuta ilə kredit götürmüş vətəndaşların durumu ilə bağlı olub.

Spiker Oqtay Əsədov bildirib ki, bu məsələ hazırda araşdırılır və yaxın bir ay ərzində bununla bağlı tədbirlər planı açıqlanacaq. O, bankların kreditlə bağlı problemlərinə də toxunub: "Bu məsələ planlı şəkildə həyata keçirilməlidir. 5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək".

BAKU.WS-in məlumatına görə, "Bizim Yol” qəzeti yazır ki, müəyyən məbləğə qədər olan kreditlərin silinəcəyi ilə bağlı birinci devalvasiya zamanı da versiyalar irəli sürülürdü. Bəzi müştərilər imkansızlıqdan, bəziləri isə bu cür xəbərlərə inanaraq, kreditinin silinəcəyi ümidi ilə ödənişdən imtina ediblər. Bu barədə diskussiyalara Konstitusiya Məhkəməsinin qərarı ilə son qoyuldu. Məhkəmənin kreditlərin ödəniş günün məzənnəsinə uyğun ödənilməsi barədə qərarı isə hələ də qüvvədədir.

Hazırda Milli Məclisin sədri səviyyəsində 5-10 min dollarlıq kreditlərlə bağlı hansısa qərarın qəbul ediləcəyi barədə açıqlama verilməsi vətəndaşlarda növbəti ümid yaradıb.

Natiq Cəfərli: "Neft Fondu devalvasiyadan qazandığını qaytaracaqsa, o zaman rezervlərə qənaətin mənası nə idi?"

İqtisadçı ekspert Natiq Cəfərli isə "Bizim Yol"a şərhində bildirib ki, kreditlərin silinməsinin heç bir iqtisadi əsası yoxdur. "Azərbaycan hökuməti devalvasiyaya ona görə getdi ki, öz rezervlərini qorusun. 50-10 min dollara qədər olan kreditlər ümumi kreditlərin böyük əksəriyyətini təşkil edir. Hesablamalara görə ümumi məbləğ azı 2-3 milyard civarındadır. Devalvasiyadan hökumətin qazandığı məbləğ də elə 3 milyarddır. Yəni Neft Fondundan büdcəyə köçürərkən dolların məzənnəsinə görə 2 milyarddan bir az artıq qənaət etmiş oldu. Yəni bu məbləği kompensasiyaya sərf edəcəkdisə, o zaman devalvasiyaya getməyin nə anlamı var idi?

Bundan başqa, ortaya daha bir sual çıxır. Azərbaycanda Beynəlxalq Bankdan başqa bütün banklar özəl mülkiyyətdir. Hansısa məbləğdə kreditlər silinərsə, onların ziyanını kim ödəyəcək, yaxud bu ziyanın hansı mənbədən ödənməsi nəzərdə tutulub? Yəni 2016-cı ilin dövlət büdcəsində belə bir mənbə yoxdur. Deməli, qalır Neft Fondunun hesabı. Dediyim kimi, Neft Fondu da devalvasiyadan qazandığını qaytaracaqsa, o zaman rezervlərə qənaətin mənası nə idi? Bu, əslində, populist açıqlamadır" - deyə Natiq Cəfərli bildirib.

Ekspert qeyd edib ki, yaranmış problemi həll etməyin başqa yolları var. "Azərbaycan hökuməti birinci devalvasiyadan sonra bu yolları axtarmalı, həm müstəqil ekspertlərin, vətəndaş cəmiyyətinin, hökumət nümayəndələrinin iştirakı ilə dinləmələr təşkil etməli idi. O zaman müxtəlif təkliflər ola bilərdi. İkinci devalvasiyadan sonra da belə bir addım atılmır. Sadəcə Azərbaycan hökuməti, elə Oqtay Əsədov da yaxşı başa düşür ki, əhalinin bu kreditləri qaytarmaq fikri yoxdur. Son proseslər də onu göstərir ki, əhali kütləvi şəkildə ödənişlərdən imtina edir. Burada isə pis vəziyyətdə qalan banklardır və həqiqətən də onların vəziyyəti çox ağırdır. Rusiyada, Qazaxıstanda olduğu kimi, Azərbaycanda da banklara dövlət tərəfindən dəstək verəcəkmi? Yəni dövlət dəstəyi olacaqsa, bunu etmək asandır. Ancaq ortaya başqa məsələlər, hüquqi nonsenslər çıxır. Məsələn, mən vətəndaş olaraq, vaxtı-vaxtında kreditimi ödəmişəm, heç bir güzəşt almıram. Krediti ödəməkdən imtina edən vətəndaş isə güzəşt alır, krediti silinir. Bəs vaxtında krediti ödəyən vətəndaş niyə itirməlidir? Yəni burada bir ayrıseçkilik yaranır. Yaxud da niyə məhz 5 minə qədər olan kreditlər silinməlidir? Bəs 5 min 500 manat olan kreditlər niyə silinməməlidir? Yəni ortada çox ciddi suallar var və düşünmürəm ki, azərbaycan hökumətinin bu suallara cavabı var" - deyən N.Cəfərli vəziyyətdən çıxış yollarını da təklif edir. O bildirir ki, əsas məsələ Azərbaycan banklarının birbaşa beynəlxalq maliyyə qurumlarına çıxışının təmin edilməsidir. "Əgər bunu edə bilsələr, xarici kredit bazarlarında ucuz kreditlər bu gün də var. Yəni 2-3 faizlə kredit cəlb etmək mümkündür. Həmin cəlb edilən kreditləri daha yüksək faizlə Azərbaycan vətəndaşlarına verərək, pul qazana bilərlər. Yaxud da hökumət xarici bankların ölkəyə birbaşa girişini təmin etməlidir ki, çökən banklar olacaqsa, bazarda onları əvəz edən köklü, fundamental banklar olsun. Üçüncü yol isə Azərbaycan hökumətinin banklara dəstəyidir. Hökumət deyə bilər ki, sizin yaranan vergi borcunuzu alıram, həmin məbləğdə problemli kreditləri hər ay silin. Ancaq Azərbaycan hökuməti bu güzəştləri edəcəkmi, bax əsas sual budur. Yəni bir neçə çıxış yolunun paralel, koordinasiyalı şəkildə həyata keçirilməsidir. Hansı yolu seçmək hökumətin işidir. Ancaq görünən odur ki, hələlik heç bir yolu seçmir" - deyə ekspert vurğuladı.

Əkrəm Həsənov: "Bu addımın atılması üçün qanun layihəsi qəbul edilməlidir"

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, belə bir addımın atılması üçün hüquqi əsaslar mövcuddur. "Hüquqi yol ondan ibarətdir ki, xüsusi qanun qəbul edilməlidir. Həmin məbləğ bundan sonra dövlət tərəfindən banklara ödənməlidir. Başqa heç bir yol yoxdur. Yəni dövlət bankı zorla məcbur edə bilməz ki, sən o borclardan imtina et, yaxud ödənişləri devalvasiyadan əvvəlki kursla qəbul et. O pulu ya tamamilə, ya da köhnə kursla yeni kurs arasındakı fərqi banklara ödəmək vasitəsilə bu addımı ata bilər. Təbii ki, bu vəsait sırf büdcədən ödənilə bilər. Düzdür, 2016-cı ilin büdcəsində belə bir məbləğ nəzərdə tutulmayıb. Ancaq indi söhbət var ki, gedən proseslərlə əlaqədar aprel ayında büdcəyə yenidən baxıla bilər. Belə bir qərar qəbul edilsə, büdcədə vəsait nəzərdə tutulacaq" - deyə Ə.Həsənov bildirir.

Hüquqşünas qeyd edib ki, burada hansısa məbləğə qədər kreditlərin silinməsi baş verərsə, ayrı-seçkiliyə yol verilməməsi də mümkündür. Yəni tutaq ki, 10 min manata qədər olan kreditlərin silinməsinə qərar verirlərsə, 10 mindən artıq borcu olan vətəndaşlara da bu qərar şamil edilməlidir. Məsələn, 15 min manat krediti olan şəxsin ödəyəcəyi vəsaitdən 10 min manat silinməli, yerdə qalan məbləği isə vətəndaş özü ödəməlidir" - Ə.Həsənov vurğuladı.

Vəkil Asif Abdullayev: "Kredit öhdəliyinə görə şəxs nə cinayət, nə də inzibati məsuliyyətə cəlb edilə bilməz"

Bu proseslərdə əhalini daha çox narahat edən məsələlərdən biri isə krediti ödəyə bilmədiyi halda, onunla bağlı hansı hüquqi addımın atılacağı ilə bağlıdır. Çünki əksəriyyət borclular banka pul ödəmək qabiliyyətində deyillər. İndi əsas bu sual maraqlandırır: Kredit borcunu ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi?

Vəkil Asif Abdullayev bildirib ki, kreditin ödənilməməsinə görə cinayət məsuliyyətinin yaranması üçün iki hal mövcud olmalıdır:

1. Borcun ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalı və həmin qərar qərəzli şəkildə borclu tərəfindən icra edilməməlidir.

2. Məhkəmə qərarını üzrlü səbəbdən icra etməyən borclu ilk olaraq inzibati xətalar məcəlləsinə əsasən məsuliyyətə cəlb edilməli və yalnız bundan sonra cinayət məsuliyyətinə cəlb edilə bilər.

Bu iki əsası ümumiləşdirsək belə nəticəyə gəlmək olar ki, cinayət məsuliyyəti konkret hansısa borcun qaytarılmaması ilə əlaqəli deyil, yalnız məhkəmə qərarının icra edilməməsi ilə bağlıdır. Bir sözlə, kreditin ödənilməməsi ilə bağlı cinayət məsuliyyəti yalnız və yalnız məhkəmə qərarı qərəzli şəkildə icra edilmədikdə yarana bilər. Əgər borclu şəxs kredit borcunu vaxtında ödəyə bilmirsə, bank onu məhkəməyə verə bilər" - deyə vəkil bildirib.

Məhkəmə qərarının icrası

"Bank borclunu məhkəməyə verdikdən sonra, məhkəmə müvafiq qərar qəbul edəcək (qətnamə, ya da əmr). Əgər borclu məhkəmə qərarı ilə razı deyilsə, məhkəmənin qərarından şikayət verə bilər. Məhkəmə qətnaməsindən onun rəsmi qaydada alındığı gündən etibarən 1 ay ərzində şikayət verilə bilər, məhkəmə əmrindən isə 10 gün ərzində onu qəbul etmiş məhkəməyə etiraz verilə bilər.

Əgər şikayət verilməsə, məhkəmə qərarı qüvvəyə minəcək və artıq növbəti - icra mərhələsinə keçəcək. Qanunvericiliyə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir.

İcra mərhələsində icra məmuru borclu şəxsə ilk olaraq tələbin könüllü icrası ilə bağlı bildiriş göndərməlidir. Könüllü icra üçün maksimum 10 gün vaxt verilir. Bu müddət keçdikdən sonra icra məmuru məcburi icra tədbirləri həyata keçirməyə haqlıdır. Məcburi icra hərəkətlərinə aiddir: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və sair tədbirlər.

Əgər borclu şəxsin məhkəmə qərarını icra etməyə maddi durumu imkan vermirsə, bu barədə rəsmi qaydada könüllü icra barədə bildiriş aldıqdan sonra, gecikmədən icra məmuruna məlumat verilməsi məqsədəuyğundur" - A.Abdullayev deyib.

Hansı hallarda məsuliyyət yaranır?

Vəkilin sözlərinə görə, qanunvericilik məhkəmə qərarının icrasına möhlət verilməsini və ya qərarın hissə-hissə icra edilməsini də nəzərdə tutur. "Məhkəmə hesab etsə ki, qərarın icra edilməsinə möhlət verilməsi və ya hissə-hissə icra edilməsi üçün kifayət qədər ciddi səbəblər var, belə olan halda, məhkəmə bu barədə qərar qəbul edə bilər. Əgər məhkəmə qərarı və yaxud icra məmurunun qanuni tələbləri üzrsüz səbəbdən icra edilmədikdə, borclu şəxs beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.

Borclu şəxs yenidən məhkəmə qərarını qərəzli şəkildə icra etmədikdə, artıq cinayət məsuliyyətinə cəlb etmək üçün əsaslar yaranır. Əgər məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi sübuta yetirilərsə, borclu min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər" - vəkil vurğulayır.

Göründüyü kimi, inzibati və cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, kreditin ödənilməsi barədə məhkəmə qərarı olsun və borclu şəxs üzrsüz səbəbdən və qərəzli şəkildə qətnaməni icra etməsin.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər