Bu bankda pulu qalanlara şad xəbər
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu "Yunayted Kredit Bank” ASC-də kompensasiyaların ödənişinə başlayacaq.
BAKU.WS-in Fonda istinadən verdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.04.1996-cı il tarixli, 240 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 7 avqust 2007-ci il tarixdə 27 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Yunayted Kredit Bank" ASC 27 yanvar 2016-cı il tarixində "Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.
Mərkəzi Bank tərəfindən təqdim olunmuş 2 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktubla 02.02.2016-cı il tarixdə "Yunayted Kredit Bank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilməsi və 02 fevral 2016-cı il tarixdə "Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsinin baş verməsi Əmanətlərin Sığortalanması Fonduna bildirilib və Fond sığorta hadisəsi barədə KİV-də elan yerləşdirib.
Lakin bankın müflis elan edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 09.02.2016-cı il tarixli qərarı bankın səhmdarları tərəfindən yuxarı instansiya məhkəmələrində mübahisələndirildiyi üçün bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestri Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməyib və bununla əlaqədar olaraq əmanətçilərə kompensasiyaların ödənilməsinin həyata keçirilməsi qeyri-mümkün olub. Belə ki, "Əmanətlərin sığortalanması haqqında” qanunun 22.2.4-cü maddəsinə əsasən iştirakçı bank Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada bankda, habelə onun filial və şöbələrində hər bir əmanətçi qarşısında öhdəliklərinin ümumiləşdirilmiş uçotunu aparır və sığorta hadisəsi baş verdikdə, hər bir əmanətçi barədə məlumatları 3 iş günündən gec olmayaraq təsdiq edib Fonda təqdim edir.
Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarı ilə bankın müflis elan olunması barədə aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanılıb və bununla da məhkəmə mübahisələri yekunlaşdırılmaqla əmanətçilərə kompensasiyaların ödənilməsi üçün mövcud olan maneələr aradan qalxıb.
Fond "Yunayted Kredit Bank” ASC-nin əmanətçilərinə bildirir ki, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün bütün hazırlıq işləri Fond tərəfindən artıq başa çatdırılıb və bankda sığorta hadisəsinin baş verdiyi gün 02 fevral 2016-cı il tarixi hesab olunduğu üçün həmin dövrdə qüvvədə olan əmanətlərin sığortalanması şərtlərinə uyğun olaraq 19 aprel 2017-ci il tarixdə qorunan əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq.
Kompensasiya almaq üçün qorunan əmanətçilər 19 aprel 2017-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən ofisinə müraciət edə bilərlər.
Əmanətçilər onlara lazım olan məlumatları Fondun rəsmi səhifəsindən əldə edə bilər. Fondla 131/ 941 saylı "qaynar xətt" və ya 596 65 91/92 nömrələri vasitəsilə də əlaqə yarada bilərlər.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda daha bir bank bağlanır
Yanvarın 25-də Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə lisenziya ləğv edilən "Yunayted Kredit Bank” ASC-nin ləğvetmə prosesinə başlanılıb. Maliyyə Bazarlar...