"BankTechnique"da bütün əməliyyatlar dayandırılıb

BankTechniqueda bütün əməliyyatlar dayandırılıb
İqtisadiyyat 2443

 

Son bir ildə neftin qiymətinin ucuzlaşması, daha sonra manatın devalvasiyası Azərbayanda maliyyə sektorunu çətin duruma salıb. Banklar kapital çatışmazlığı ilə üzləşiblər. Cari ilin ikinci yarısının yekunlarına görə bir sıra bankların aktivlərində azalma müşahidə edilir. "EvroBank" və "Azərbaycan KreditBank"ın bağlanması isə bu sektorda daha bir ajiotajın yaranmasına gətirib çıxardı. 

BAKU.WS-in bizimyola istinadən verdiyi məlumata görə, ekspertlər prosesin davam edəcəyini düşünürlər. Doğrudur, sözügedən bu iki bankın bağlanmasının hazırda yaşanan maliyyə böhranı ilə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə olaraq, iki ildir Azərbaycan Mərkəzi Bankının məcmu kapitalı ilə bağlı qoyduğu tələbləri yerinə yetirə bilmirdilər. 2015-ci ilin yanvarın 1-də 4 bankın lisenziyasının ləğvi gözlənilirdi. Mərkəzi Bank hələ ki, ikisi barədə qərar verdi. Lakin bunun ardının gələcəyi istisna deyil. Bura həm məcmu kapitalını ödəyə bilməyən, həm də müflis olmaq ərəfəsində olan banklar da daxildir.  

Son günlər isə "qara buludlar" "BankTechnique"in üzərində toplaşıb. Növbəti "qurban" bu bank ola bilərmi? 

Bir neçə gün öncə "Fitch" beynəlxalq reytinq agentliyi "Bank Technique" ASC-nin reytinqlərini geri çağırmışdı. Agentliyin məlumatına görə, bank reytinq prosesində iştirakda maraqlı deyil: "Reytinqlərin geri çağırılmasına da səbəb budur. Bununla da, "Fitch"in bankın reytinqlərini dəstəkləmək üçün zəruri informasiyaya çıxış imkanı yoxdur".

Agentlik hələ mart ayında adıçəkilən bankın reytinqlərini "neqativ" siyahıya salıb. Qurum bunu manatın devalvasiyasından sonra bankın kapitala olan minimum tələbi yerinə yetirməməsi ilə əlaqələndirib.

Yerli ekspertlərin də "BankTechnique"lə bağlı proqnozları ürəkaçan deyil. Xüsusilə, Azərbaycan Beynəlxalq Bankında "kredit əməliyyatları"ndan sonra əsas diqqət "BankTechnique" üzərinə yönəlib. Məlumatlara görə, ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev "BankTechnique"in qeyri-rəsmi əsas sahibi sayılır. C.Hacıyevin biznes fəaliyyəti nəzarətə götürüldüyü üçün sözügedən banka qarşı da təzyiqlər artıb. Əldə etdiyimiz məlumata görə, "BankTechnique"da bütün əməliyyatlar dayandırılıb. Əmanətlərini geri götürmək istəyən vətəndaşlar üçün problemlər yaranıb. 

Qeyd edək ki, "BankTechnique" ölkədə ən böyük 20 bankdan biridir. Məcmu kapitalı 62 milyon manatdan çoxdur. Fiziki şəxslər tərəfindən banka yatırılan əmanətlərin həcmi isə 200 milyon manatdan artıqdır. Əgər bank ətrafında yaşanan olaylar həmin əmanətləri təhlükə altına ata bilər, növbəti "Royal Bank" problemi yaşanması qaçılmazdır. Belə bir həssas dövrdə yeni bankların bağlanması hansı problemlər yarada bilər?

İqtisadçı-ekspert Akif Nəsirli bildirdi ki, bank sektorunun təmərküzləşməsinə ehtiyac var: "Azərbaycandakı bankçılıq sisteminin dünyada mövcud olan bankçılıq ənənələrindən xeyli fərqi var. Ölkədəki bankların maliyyə potensialı olduqca aşağıdır. Onların birləşmə prosesinin vaxtının çoxdan çatdığını düşünürəm. Əksəriyyəti iri inhisarçı şirkətlərin kassası rolunu oynayır. Azərbaycanda banklar yalnız bir funksiyanı yerinə yetirir-kredit vermə. Ona görə kredit faizləri olduqca bahadır".

İqtisadçı hesab edir ki, bankların bağlanması və ya birləşdirilməsi prosesi çoxdan baş verməli idi: "Azad rəqabət olmadığına, hökumət himayədarlıq etdiyinə görə kassa rolunu oynayan belə kiçik banklar fəaliyyət göstərir. İqtisadiyyatda rəqabət olarsa, bazarda zərərlə işləyən bank da bağlanmalıdır. Təəssüf ki, Azərbaycanda nə bazar iqtisadiyyatı, nə də bazar iqtisadiyyatına uyğun qanunvericilik bazası, nə də buna uyğun bankçılıq var".

A.Nəsirlinin fikrincə, əgər bir neçə bank müflis olarsa, əmanətlərə  təhlükə gözlənilmir: "Əmanətlərin Sığortalanması Fondu müəyyən qədər kompensasiya edəcək. Lakin burada müəyyən təhlükə var. Belə ki, sığortalanmayan əmanətlərin batması təhlükəsi yarana bilər. Hazırkı durumda isə Fond tərəfindən sığortalanan əmanətlərə də problemlər var. Çünki ölkədə sərbəst vəsaitlər tükənmək üzrədir".

Digər iqtisadçı-ekspert Qubad İbadoğlu "Facebook" səhifəsində qeyd edib ki, əgər Mərkəzi Bank qısa müddətli dövrdə pul-kredit siyasətini düzgün tənzimləməzsə, bankların mövcud problemləri ciddi sosial fəsadlar və iqtisadi çətinliklər yarada bilər: "Bank-müştəri münasibətlərində gərginliyin getdikcə artması, qeyri-qənaətbəxş və təhlükəli kreditlərin həcminin çoxalması, əmanətlərin azalması və sürətlə dollarlaşması, bank sektorunun aktivlərinin azalması və xarici borcunun qalıq məbləğinin cəmi öhdəliklərdə payının yüksəlməsi və digər neqativ tendensiyalar Mərkəzi Bankdan ciddi və təxirəsalınmaz qərarların qəbulunu tələb edir. 

Statistik məlumatlara görə, 2013-cü ildə əhalinin yetkinlik yaşına çatmış hər 1000 nəfərinin 1,244 ədəd, 2014-cü ildə 1259, 2015-ci ilin I-ci rübün sonuna 1273 ədəd kredit və əmanət hesabı olub. Bu o deməkdir ki, hər bir Azərbaycan vətəndaşı bu və digər formada banklarla təmasdadır".

İqtisadçı bildirir ki, bankların bağlanması və ya muflis olması ciddi sosial kataklizmlərə gətirib çıxara bilər: "Bəzi bankların problemi yalnız daxildə müştərilərlə deyil, həm də xaricdəki maliyyə institutları arasında da müşahidə olunur. Belə ki, 31 mart 2015-ci il tarixinə Azərbaycan bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat və ya cəmi öhdəliklərin 22 faizini təşkil edib. Manatın, xüsusilə, kəskin devalvasiyasından sonra bankların xarici valyutalarla götürülən öhdəliklərini yerinə yetirməsində qarşılaşdığı çətinliklər onların maliyyə durumunu getdikcə pisləşdirməkdədir".

BAKU.WS

Oxşar xəbərlər

Bakıda özünü yandıran şəxslə bağlı rəsmi məlumat

Bakıda özünü yandıran şəxslə bağlı rəsmi məlumat

"Bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün Nəsirov Sahib İsmayıl oğlu içkili vəziyyətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin...

3754 Hadisə 17:45 29 iyul 2015

Son xəbərlər