Azərbaycan 4 illik qənaət rejiminə keçir (VİDEO)
"Gəlirlərin azalmasının əsas səbəbi neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin azaldılması və bununla Neft Fondunun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub. Ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15,0 faiz ixtisar edilməsi qərarına gəlinib".
BAKU.WS-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı söyləyib. Nazir bildirib ki, sosialyönümlü xərclərin prioritetliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1 faizi və ya 5 milyard 752 milyon manatı yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 5,0 faiz çoxdur:
"Dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması ölkənin tədiyyə balansında keyfiyyətcə yeni vəziyyət yaradıb və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib. Qlobal iqtisadi proseslərin ölkəmizin iqtisadi inkişafına mənfi təsirləri ilə əlaqədar hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır. Bunu oxşar təsirlərə məruz qalmış digər neft istehsal və ixrac edən dövlətlərin timsalında da görə bilərik. Neftin qiymətinin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir.
Bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasətini davam etməklə büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsi kimi hədəfləri güdməlidir.
Bu zaman manatın məzənnəsinin enməsi ilə əlaqədar gündəlik tələbat malları qiymətlərinin inflyasiyasının əhalinin həssas qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması tədbirlərinin həyata keçirilməsi planlaşdırılır".
Nazir həmçinin əlavə edib ki, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı il və sonrakı üç il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalıdır: "Bununla yanaşı, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə maliyyə nizam-intizamı gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarəetməsində islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev maaş və pensiyaların artırılması ilə bağlı tapşırıq verdi (VİDEO)
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qa...