Azərbaycanda biznes kreditləri niyə bahadır? – Səbəblər açıqlandı
"Azərbaycanda biznes və istehlak kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması məsələsi vaxtaşırı gündəmə gəlsə də, yaxın dövrdə bu istiqamətdə ciddi dəyişikliklərin olacağı proqnozlaşdırılmır".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, hazırkı iqtisadi şəraitdə həm biznes, həm də istehlak kreditləri üzrə müəyyən risklər qalmaqdadır:
"Qlobal inflyasiya, beynəlxalq iqtisadi proseslərdə qeyri-müəyyənlik, dövlətlərarası münasibətlərdə gərginlik və maliyyə bazarlarındakı risklər bankların kredit siyasətinə birbaşa təsir göstərir.
Kredit faizlərinin azalması baş verərsə, bu, ölkədə iqtisadi aktivliyin genişlənməsinə müsbət təsir göstərə bilər. Xüsusilə istehlak kreditlərinin daha əlverişli şərtlərlə təqdim olunması vətəndaşların alıcılıq qabiliyyətinin artmasına və daxili bazarda dövriyyənin genişlənməsinə şərait yaradar.
İstehlak kreditləri üzrə risklər bankların ehtiyatlı davranmasına səbəb olur. Bu risklər əsasən vətəndaşların gəlirlərinin davamlılığı və iş yerlərinin sabitliyi ilə bağlıdır".
AQC sədri əlavə edib ki, bank sektorunda problemli kredit portfellərinin tam aradan qaldırılması istiqamətində işlər davam edir:
"Bu səbəbdən maliyyə qurumları yeni kredit portfellərinin formalaşdırılmasına daha ehtiyatla yanaşırlar. İqtisadi inkişafın sürətləndirilməsi baxımından biznes kreditlərinin daha aşağı faizlə təqdim olunması mühüm əhəmiyyət daşıyır. Bu, sahibkarlığın inkişafına, yeni investisiyaların cəlb edilməsinə və məşğulluğun artmasına töhfə verə bilər.
Kreditlərin verilməsi zamanı əsas meyar obyektiv maliyyə təhlili olmalıdır. Banklar biznes layihələrinin perspektivlərini, ödəmə qabiliyyətini və risk səviyyəsini peşəkar şəkildə qiymətləndirməli, qərarlar subyektiv yanaşmalar əsasında deyil, real iqtisadi göstəricilərə əsaslanmalıdır.
Sağlam kreditləşmə siyasəti həm bank sektorunun dayanıqlığının qorunması, həm də ölkədə iqtisadi aktivliyin artırılması baxımından vacib amillərdən biridir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Elnur Əliyev: Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir
Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir. BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci...