13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

"Bakı şəhərində fəaliyyət göstərən 60-dan çox oteldə qiymət siyasəti ilə əlaqədar monitorinq keçirilib. Yaxın günlərdə turizm şirkətləri ilə birgə qiymət siyasətinə aid toplantı keçirilməsi planlaşdırılıb. Burada hər bir tərəfin rəy və təklifləri əsasında yeni fəaliyyət planının hazırlanması nəzərdə tutulur". 

BAKU.WS məlumat verir ki, bunu açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov bildirib. Onun sözlərinə görə, xarici ölkələrdən Azərbaycana daha çox turist cəlb etmək üçün təyyarə biletlərinin və otellərin qiymətləri rəqabətə əsaslanmalıdır. Otellərin qiymətləri göstərilən xidmətlərin səviyyəsinə uyğun olmalıdır:
 
"Bölgələrdəki otellərdə sanitar-gigiyenik şərtlər də beynəlxalq standartlarla ayaqlaşmalıdır. Assosiasiyamız Bakı şəhərində və regionlarında 2-3 ulduzlu otellərin və hostellərin (daha çox çarpayıları olan və məhdud xidmət göstərən mehmanxana tipli turizm obyektləri) inşaasına start verilməsini də təklif edib. Hesab edirik ki, hazırda turizmin inkişafı üçün hostellərin yaradılmasının vaxtı çatıb. Avropa və  Asiyada bu tipli turizm müəssələri özünü daha yaxşı doğruldur və getdikcə populyarlaşır. Bununla yanaşı, şirkətlərin kadr məsələlərinin həlli, dövlət qurumları ilə meydana çıxan çətinliklərin aradan qaldırılması, treninqlərin, infoturların təşkili, turizm şirkətləri ilə birgə yeni ekskursiya və turist marşurutları layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi də fəaliyyətimizin istiqamətlərindəndir", - deyə ATA rəsmisi əlavə edib.

Müzəffər Ağakərimov həmçinin əlavə edib ki, ATA ilə əməkdaşlıqda turizm şirkətləri xarici qonaqlar üçün yeni turizm və ekskursiya marşrutları işləyib hazırlayıblar: "İlkin qiymətləndirmələr göstərir ki, bu amil turizm xidmətlərinin çeşidinə və keyfiyyətinə öz təsirini göstərib. Xüsusilə də Mingəçevirdə keçirilən idman yarışları ətraf rayonların turizm potensialının üzə çıxmasına təkan verdi. Azərbaycana Rusiya, İran, Qazaxıstan, Türkiyə, Yaponiya və Cənubi Koreyadan gələn gələn turistlər gəzintiyə-ekskursiyaya daha çox üstünlük verirlər. Ölkəmizin tarixi abidələri, adət-ənənələrimiz, mətbəximiz, musiqimizlə tanış olurlar. Yeri gəlmişkən, bu faktor Birinci Avropa Oyunları zamanı da müşahidə olundu. Bizim ölkədən isə sağlamlıq turizmi ilə əlaqədar gedənlər çoxdur. Azərbaycan vətəndaşları Rusiya, Ukrayna və İran daha çox üz tuturlar", - deyə M.Ağakərimov bildirib.
 
Ayşən Ayxan
BAKU.WS