SİZİN REKLAM BURADA!
055 213 76 73


Öncə koronavirus epidemiyası, ardınca isə neftin qiymətinin 30 dollara düşməsi dünyada şok effekti yaradıb. Bir sıra ölkələr böhran elan edib, şirkətlər isə iflasa uğrayıb.

BAKU.WS xəbər verir ki, qlobal iqtisadiyyatı bir anda iflic vəziyyətə salan bu iki səbəbin dünyada 1 trilyondan çox maliyyə itkisinə səbəb olacağı proqnozlaşdırılır.

Azərbaycan isə mövcud xaos vəziyyətini bu günə qədər ən doğru şəkildə idarə etməyi bacarıb. Bundan sonrası üçün isə ölkə rəhbərliyi və rəsmi qurumlar tərəfindən təmkinli açıqlamalar verilib, əhalini təlaşlanmamağa çağırıblar.

Prezident İlham Əliyev bir sıra ölkələrin iqtisadi böhranla üz-üzə qaldığı bir vaxtda dünən Milli Məclisdə çıxışı zamanı əhalini sevindirəcək açıqlamaları ilə yadda qaldı:

“Maaşlar, pensiyalar artır və artırılacaq, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun”.

Prezident indiki məqamı belə valyuta ehtiyatlarımızı xərcləmək üçün zəruri hesab etmir. Ona görə vəziyyəti təmkinlə idarə edir.

Məlumat üçün bildirək ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları keçib. Bu isə Ümumi Daxili Məhsulun (ÜDM) həcmindən 8 faiz daha çox deməkdir.

Bu məqamda qeyd edək ki, neft qiymətinin 30 dollara düşməsindən sonra Azərbaycanda növbəti devalvasiyanın olması haqqında şayiələr əhali arasında təşviş yaratdı. Bir çoxları banklara üz tutaraq milli valyutanı dollara dəyişmək istədi.

Lakin hökumət rəsmiləri əhaliyə səslənərək təşvişə ehtiyac olmadığını və vəziyyətdən çıxış üçün digər addımların atılacağını bildirdilər.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında əhalini sakitliyə çağırıb və hökumətin və Mərkəzi Bankın "B" planı olduğunu deyib:

“Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökumətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var. Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın "B" planı var.

Bu “B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollarına enməsinə hazırlanıb. Faktiki olaraq indi bu planla hökumət fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər ki, biz bu problemi daha tez həll edək”.

Elman Rüstəmov da strateji valyuta ehtiyatlarımızdan danışıb və hələlik bundan istifadənin nəzərdə tutulmadığını vurğulayıb:

“Biz bu gün hələlik strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük. Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Tam həcmdə qanunla müəyyənləşib. Mərkəzi Bankın öz ehtiyatları var. Maliyyə Nazirliyinin əhəmiyyətli valyuta ehtiyatı var.

Bütün bu ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, bu problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil”.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri 4.808 milyard dollar və ya 2018-ci illə müqayisədə 12.5% artıb. Beləliklə, fondun aktivləri 43.323 milyard dollara çatıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, eyni zamanda bu ilin yanvar ayında məhsulların idxalı 720,9 milyon dollar təşkil edib. Beləliklə, Azərbaycanın strateji valyuta fondları ölkənin bütün idxalının əvəzini 72 ay və ya altı il ərzində ödəmək qabiliyyətinə malikdir.

Sonda qeyd edək ki, neft ixrac edən ölkələr üçün strateji valyuta ehtiyatları çox vacibdir. Strateji valyuta ehtiyatlarının çox olması dayanıqlı, balanslı iqtisadi inkişafa zəmin yaradır.

Üstəlik, Dövlət Neft Fondunun ehtiyatları kifayət qədərdir, lakin ondan səmərəli istifadə etmək lazımdır.

Kənd təsərrüfatının da inkişafı, idxaldan asılılığın azalması da Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin edir.

Fərid ƏDALƏT
BAKU.WS