SİZİN REKLAM BURADA!
055 213 76 73


"Dünya Bankının krediti ilə həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 5 rayonunda (Şabran, Siyəzən, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə "Azərbaycan" qəzetinə bildirib. 

ASC sədri əlavə edib ki, Lerik rayonunda işlər yekunlaşmış və Prezident İlham Əliyev 2018-ci il oktyabrın 15-də şəhərin içməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak edib: 

"Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Şabran rayonunda 4762 hektar yeni suvarılan torpaqlara suvarma suyunun çatdırılması və 7172 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün suvarma və kollektor-drenaj şəbəkəsinin tikintisi işləri aparılmışdır. Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi obyekti üzrə Quba rayonu ərazisində Qaraçay çayında sugötürücü qurğunun və nəqledici kanalın tikintisi tamamlamış, Samur- Abşeron kanalına əlavə suyun verilməsi ilə yanaşı, Quba rayonunda 6000 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır.

2018-ci ildə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 92284 hektar (ondan 40108 hektar yeni suvarılan) sahədə torpaqlara suvarma suyu çatdırılmış və 8860 hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. 1392,8 min hektar sahədə isə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi üçün mənbələrdən 9000 milyon kubmetr su götürülmüş, suayrıclarından 6300 milyon kubmetr su verilmiş və bitkilər suvarma suyu ilə təmin edilmişdir.

Bunun üçün suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 5900 hidrotexniki qurğu, 156 subartezian quyusu, 270 nasos və mühərrik təmir edilmişdir. Həmçinin çay məcralarında 17 milyon kubmetr həcmində məcratəmizləmə, 10 min kubmetr həcmində şax-daş, faşın və qabion bəndlərin quraşdırılması, torpaq mühafizə bəndlərində 6300 min kubmetr həcmində möhkəmləndirilmə, 2800 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə və daş-beton bəndlərdə 18 min kubmetr həcmində təmir işləri yerinə yetirilmişdir.

Cari ildə 1393 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. Mayın 25-nə olan məlumata görə, taxıl bitkiləri 535 min hektar sahədə 1,9 dəfə suvarılmış, 73 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılmışdır. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam edir. Onu da qeyd edək ki, ASC meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir. Bundan əlavə, 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində 8362 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulan 300 subartezian quyusunun layihə-smeta sənədləri hazırlanmışdır. Artıq 108 quyuda qazma işləri başa çatdırılmış, 28-də bu işlərə başlanılmıdır.

Şəmkir-Samux-Goranboy magistral kanalının ikinci növbəsinin tikintisi də davam etdirilmişdir. Son 8,5 km-lik hissəsinin tikintisi tamamlandıqdan sonra Goranboy rayonunda daha 6796 hektar (onun 5743 hektarı yeni suvarılacaq torpaqlardır) sahəyə suvarma suyu çatdırılacaq. Kanalın üçüncü növbəsinin layihə sənədləri də hazırlanır. Şəmkir-Samux-Goranboy magistral kanalının keçən əsrin 80-ci illərindən tikintisi yarımçıq qalmış Kür çayı üzərindəki mövcud 1-cı və 2-ci pillə nasos stansiyalarının hər birində 3 nasos aqreqatının quraşdırılması və 7315 p/m basqılı boru kəmərinin tikintisi ilə suvarma qabiliyyəti artırılacaq. Bununla da Şəmkir, Samux və Goranboy rayonlarında mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılacaqdır.

Cari il həmçinin Xəzər və Pirallahı rayonlarında zeytun və badam bağları salınacaq ərazilərin Abşeron Magistral kanalından suvarma suyu ilə təmin edilməsi üçün tikinti işləri başa çatdırılacaq, Yuxarı Şirvan kanalının yenidən qurulmasının işçi layihə sənədlərinin hazırlanması işləri davam etdiriləcək.

Sabirabad və Salyan rayonlarında isə az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlər aparılır. Eyni zamanda, "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi çərçivəsində Vəlvələçay-Taxtakörpü kanalında sugötürücü qurğunun tikintisi və "Şabran Aqropark” MMC-nin torpaq sahəsinə əlavə su mənbəyinin yaradılması işlərinin yerinə yetirilməsinə hazırlıq görülür. Eləcə də sel və daşqın təhlükəli çayların zərərli təsirlərinin qarşısının alınması məqsədilə Göyçay, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Ağsu, Gədəbəy, Astara və Lənkəran rayonlarında sahilmühafizə tədbirlərinin aparılması planlaşdırılıb.

2019-cu ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi sayəsində yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəticəsində ölkədə ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradılacaq. Bu sırada Yevlax, Goranboy, Ağcabədi, Füzuli, Oğuz, Şəki, Xaçmaz rayonlarında yaradılması nəzərdə tutulan iri təsərrüfatlara və aqroparklara məxsus 21166 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqla meliorativ tədbirlərin aparılmasına başlanılmışdır. Habelə Qobustan (988 hektar) və Biləsuvar (1980 hektar) rayonlarında yaradılacaq aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinin layihə-smeta sənədləri hazırlanır.

Araz çayının yeni qol-kanalından Saatlı, İmişli və Biləsuvar rayonları ərazilərində suvarma suyunun paylanması üçün paylayıcı kanalların, Ağcabədi rayonunun 3800 hektara yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi işləri davam etdirilir.

Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişafı ilə əlaqədar təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritələrində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərinin sel, daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır".
BAKU.WS