VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dolların rubla olan məzənnəsi ötən iki il üzrə rekord qıraraq ən yüksək həddə çatıb.


Moskva birjasının yanvarın 3-nə olan məlumatlarına görə, ABŞ valyutasının kursu 71,45 rubla qədər artıb. Dollar ötən bir gündə 2,35% bahalaşma göstərib. Avro isə rubla nisbətdə 1,33% ucuzlaşıb və 78,96 rubl təşkil edib.

Buna əsas səbəb kimi neftin ucuzlaşması göstərilir. Belə ki, “Brent” markalı neftin mart ayında çatdırılacaq partiyasının qiyməti London birjasında 1 barel üçün 54,33 dollar təşkil edib, bu isə əvvəlki ticarət qiymətindən 1,06% ucuzdur.

Ümumiyyətlə, 2018-ci il ərzində rublun məzənnəsi 17,5% düşüb. “Brent” markalı neftin bir barelinin qiymətində isə il ərzində 21,6 faiz ucuzlaşma qeydə alınıb.

Bəs görəsən, əm neftin ucuzlaşması, həm də ən böyük ticarət tərəfdaşlarımızdan biri olan Rusiyada milli valyutanın ucuzlaşması manata təzyiq yarada bilərmi?

BAKU.WS-in məlumatına görə, mövzunu “Yeni Müsavat”a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu il rublun qiymətində həlledici faktor neftin qiyməti və sanksiyalar olacaq:


“Rusiyada iqtisadi parametrlərin böyük bir hissəsi, o cümlədən rublun taleyi hər zaman iki əsas faktordan asılı olub. Bunlardan birincisi neft qiymətləridir. Hətta beynəlxalq analitiklər öz aralarında rus rubluna ”kağız neft" də deyirlər.

İkincisi isə, Rusiya ilə Qərbin və dünyanın münasibətləridir. Yəni sanksiyalar rejimi və bunun getdikcə Rusiya iqtisadiyyatına, o cümlədən rublun taleyinə hər zaman mənfi təsir göstərməsidir. Son bir ayda neftin qiymətində kəskin ucuzlaşma oldu.

“Brent” markalı neft 87 dollardan 52 dollara qədər ucuzlaşdı. 35 dollar civarında bir ucuzlaşma müşahidə olundu ki, bu da iqtisadiyyatı neftdən asılı olan ölkələrə , o cümlədən Rusiyaya mənfi təsir etdi, rublun məzənnəsinin ucuzlaşmasına şərait yaratdı".

Sanksiyaların daha da kəskinləşdiyini qeyd edən iqtisadçı, bunun həm rublun məzənnəsinə, həm də Rusiya iqtisadiyyatına ciddi təsir göstərəciyini vurğuladı:

“Digər bir məsələ odur ki, 2018-ci ilin sonunda Avropa Birliyi ölkələrinin sanksiyaları uzatmayacağı, müəyyən güzəştlərə gedəcəkləri ilə bağlı gözləntilər var idi. Ancaq bu da baş vermədi.

Həm ABŞ, həm də Avropa Birliyi tərəfindən sanksiyaların 1 il də uzadılması və daha da kəskinləşdirilməsi ilə bağlı qərarlar qəbul olundu. Əsasən də, Kerç boğazında Ukrayna ilə yaşanan son insidentdən sonra sanksiyalar daha da kəskinləşdi.

Bunlar təbii ki, Rusiya iqtisadiyyatına mənfi təsir göstərən amillərdir. Daxili amillərin təsiri də getdikcə artır. Rusiyada müflisləşmə, yəni əhalinin borclanma səviyyəsi rekord həddə çatıb.

Kreditlərin geri qaytarılmasında problemlər yaşanır. Avqust ayından bəri Rusiya Mərkəzi Bankının həyəcan təbili çaldığını görürük. Həm daxili, həm xarici amillər Rusiya iqtisadiyyatına, həm də rus rubluna mənfi təsir etməyə başladı.

Gələcəkdə də rublun taleyi əsasən neftin qiymətlərindən asılı olacaq. Neft qiymətlərindəki dəyişiklik rublun məzənnəsində də öz əksini tapacaq”.

N.Cəfərlinin sözlərinə görə, Rusiya iqtisadiyyatında gedən proseslər və rublun dəyərdən düşməsi bütün qonşu ölkələrə, həmçinin Azərbaycana da təsir göstərir:

“Çünki indi postsovet ölkələrinin ən böyük ticarət tərəfdaşı Rusiyadır. O cümlədən Azərbaycanın da qeyri-neft ixracatının əsas hissəsi Rusiyayadır. Rusiya rublunun dəyərdən düşməsi Azərbaycandan ixrac olunan malların həcmini də azaldır, həmçinin bu işə marağı da azaldır.

Çünki azərbaycanlı iş adamları Rusiyaya ixrac etdikləri məhsulları orada rublla satıb, sonradan həmin pulu xarici valyutaya çevirərək ölkəyə gətirirlər. Rubl ucuzlaşdıqdan sonra onlara hər hansı qazanc qalmır. Ona görə də, rubl dəyərdən düşdükcə, daha az valyuta əldə edirlər. Bu baxımdan Rusiyada gedən proseslərin bütün postsovet ölkələrinə , o cümlədən Azərbaycana ciddi təsirləri var”.

Ekspert həmçinin neft qiymətlərinin manatın məzənnəsinin qorunmasında ciddi rol oynadığını da diqqətə çatdırdı:

“Neftin ucuzlaşması Azərbaycan manatına təzyiqlərin artmasına səbəb olan amillərdən biridir. Neft qiymətlərinin ucuzlaşdığını və Azərbaycan iqtisadiyyatının da neft qiymətlərindən asılı olduğunu nəzərə alsaq, müəyyən təsirlərin olacağını deyə bilərik.

Çünki bizdə büdcə formalaşmasında neft amili 65 faiz rol oynayır. Bunun 50 faizi Neft Fondundan transferdir, 15 faizi isə neft şirkətlərinin vergi yüküdür.

Xarici ticarətdə isə 90 faiz rol oynayır. Bu baxımdan son proseslər manata təzyiqləri artırır. Kəskin devalvasiyanın olacağı gözlənilmir, ancaq bu ilin birinci rübünün sonundan başlayaraq, daha yüngül formada manatın tədricən dəyərdən düşməsi baş verə bilər”.

BAKU.WS