Dünya Bankı neft məhsulları bazarının növbəti icmalını dərc edib.
 
BAKU.WS-in məlumatına görə, bank neft məhsullarının qiymətlərin ciddi ucuzlaşacağını proqnozlaşdırır. Sadə dillə desək, baha qiymətə təklif olunan neft məhsulları tələbatın azalması fonunda dünya bazarında ucuzlaşır. Ancaq buna baxmayaraq əksər ölkələrdə neft məhsulları, xüsusilə benzinin qiyməti bahalaşır. 

Qonşu Rusiyada son aylar avtomobil yanacağı davamlı olaraq bahalaşır. Rusiyada benzinin qiyməti ilin əvvəlindən bu yana 4,4% artıb və yaxın günlərdə bu proses davam edəcək. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, adətən neftdən asılı olan istehsalçı ölkələrdə "qara qızıl" ucuzlaşdıqca benzinin qiyməti bahalaşır: 
 
"Neft istehsal edən ölkələr dünya bazarında neft ucuzlaşdıqca məhsulların qiymətini qaldırırlar. Məsələn, Rusiyada neftin qiyməti ucuzlaşdıqdan sonra benzinin qiyməti ucuzlaşmayıb. Çünki, dövlət neftdən gələn gəliri kompensassiya etməyə və gəlirləri qoruyub saxlamağa çalışır. Bu cür vəziyyətdə neft istehsal edən ölkələrdə enerji qiymətləri bahalaşır".
 
Mütəxəssisin fikrincə, qeyri neft ölkələrində isə əksinə, neft məhsulları ucuzlaşır. Neft idxal edən ölkələr qiymət ucuzlaşdıqdan sonra əvvəlki illərlə müqayisədə enerjiyə daha az vəsait xərcləyir: "Nəticədə həmin ölkələrdə müsbət saldo yaranır. Enerjidən asılı olan ölkələrdə isə neftin qiymətinin ucuzlaşması böyük maddi itkilərə gətirib çıxarır. Neftin qiymətinin ucuzlaşmasının mənfi təsir etdiyi ölkərdən biri də Azərbaycandır. Ancaq buna baxmayaraq ölkəmizdə neft məhsullarının qiymətinin bahalaşacağını proqnozlaşdırmıram", - deyə iqtisadçı vurğulayıb.
 
Şahin Həbibov
BAKU.WS