"Standard and Poor's” və "Moody's" Beynəlxalq Reytinq Agentlikləri Azərbaycanın bank sektoru barədə bədbin proqnoz verib. 
 
BAKU.WS-in məlumatına görə, "S & P" inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dollar qarşısında ciddi dəyər itkisinin banklar üçün risklər yaratdığını bildirib.  
 
Ən həssas ölkələrin adlarını sıralayan agentlik Qazaxıstan, Belarus, Ukrayna, Azərbaycan və Nigeriyanın bank sektorunda risklərin olduğunu bildirib. Bu ölkələri Rusiya, Gürcüstan və Türkiyə kimi ölkələr izləyir. "Moody 's" tərəfindən yayımlanan hesabatda isə ABŞ-da faiz dərəcələrinin artırılması ilə Azərbaycan kimi ölkələrə pul girişinin kəskin azala biləcəyi ifadə edilib. 
 
İqtisadçı ekspert Azər Mehtiyev BAKU.WS-ə açıqlamasında Azərbaycan bank sektorundakı risklərdən danışıb. Mütəxəssis hesab edir ki, banklar hələ də fevral devalvasiyasının fəsadlarından əziyyət çəkir.
 
"Ölkəyə daxil olan neft gəlirlərinin azalması fonunda əhalinin gəlirlərinin azalması, kreditlərin ödənilməsi imkanlarını məhdudlaşdırır. Bu isə banklar üçün ciddi bir problem yaradır. Artıq Azərbaycanda bir sıra banklarda ixtisarlar başlayıb, bəzi banklar filialları bağlayıb. Qiymətləndirmələr göstərir ki, manatın məzənnəsinin qorunub saxlanılmasının əsas qarantı neft gəlirləridir. Neft gəlirlərinin azalması isə ölkədə maliyyə vəziyyətini ağırlaşdırır. Dünya bazarında neftin qiymətinin uzun müddət indiki səviyyədə qalması gözlənilir. Belə bir vəziyyətdə büdcə xərclərinin azalması gözlənilir. Büdcə yığılmasında da problemlər var. Son nəticədə manatın məzənnəsini saxlamaq hökumət üçün çətinləşəcək".
 
İqtisadçı hesab edir ki, ABŞ-ın Mərkəzi Bankı (FED) dolların uçot dərəcəsini artırarsa, dolların manata təzyiqi artacaq: "Bütün bu amillər devalvasiyaya aparan amillər hesab olunur. Devalvasiya olsa bank sektoru ciddi zərər görəcək. Devalvasiya olmasa belə, yenə də Azərbaycan bank sektoru üçün ciddi risklər yaranacaq. Hökumətin manatı ucuzlaşdırmaq fikri yoxdur. Açıqlanan bəyanatlardan görmək olur ki, Mərkəzi Bank manatın məzənnəsini bir neçə il indiki səviyyədə saxlamağı planlaşdırır. Yumşaq devalvasiya barədə də hələlik bir addım atılacağı gözlənilmir. Mərkəzi Bank inzibati yolla manatın məzənnəsini müəyyən etdiyi üçün konkret proqnoz vermək mümkün deyil, ancaq görünən odur ki, MB məzənnəni dəyişmək barədə düşünmür".

ŞAHİN Həbibov
BAKU.WS