SİZİN REKLAM BURADA!
055 213 76 73



İlin ilk ayından başlayaraq banklarda manat qıtlığı yaşanır. Əksər banklar müştərilərə nağd manat verməkdə çətinlik çəkir. Bank əməkdaşları bunun onlar üçün də xoş olmadığını bildirməklə yanaşı, problemi həm xarici valyuta satıb manat alanların çoxluğu, həm də Mərkəzi Bankdan pul götürməkdə yaranan çətinliklərlə izah edirlər. Bu isə iş adamlarına hesablarında olan manatdan istifadə etməkdə, nəticədə həm də əmək haqlarının ödənilməsində çətinlik yaradır.
 
BAKU.WS xəbər verir ki, yaranmış problemi Modern.az saytına şərh edən iqtisadçı ekspert Samir Əliyev deyir ki, əsas səbəblərdən biri manata qarşı olan təzyiqin qarşısını almaq üçün atılan addımdır: "Manata olan təzyiqin qarşısını almaq yollarından biri də dövriyyədə olan pul kütləsini məhdudlaşdırmaqdır. Hazırda Mərkəzi Bankın manatı qorumaq üçün istifadə etdiyi ən əsas vasitələrdən biri budur.
 
Məsələn: yanvar ayında pul bazası 6.7 faiz azalıb. Yəni pul bazası 7.9 milyard manatdan 7.3 milyard manata qədər azalıb. Bu o deməkdir ki, 600 milyon manat dövriyyədən çıxarılıb. Pul bazası və pul kütləsi arasında müəyyən fərq var. Belə ki, hər iki termin banklarda olan nağd puldan gedirsə də, pul bazası banklarda olan nağd pul və əlavə olaraq bankların Mərkəzi Bankda olan ehtiyatlarıdır. Pul kütləsi isə banklarda olan nağd pul və əlavə olaraq bankların özlərində olan pul, yəni nağdsız dövriyyədir. Amma bunların hər ikisinin kökündə nağd pul dayanır. Devalvasiya başlayandan onsuz da pul kütləsi qıtlaşmışdı, amma bu ilin yanvar ayından başlayaraq isə əlavə 6.7 faiz pulun dövriyyədən çıxarılması manat qıtlığını daha qabarıq biruzə verir”.

S.Əliyevin qənaətinə görə, qarşıdakı aylarda manat qıtlığının aradan qalxması Mərkəzi Bankın addımlarından asılı olacaq: "Əgər Mərkəzi Bank bazardan xarici valyuta alacaqsa, onun əvəzində bazara manat kütləsi daxil olacaq. Həm də hazırda ilin əvəli olduğundan büdcə açılımı yoxdur. Budcədən vəsait ancaq əmək haqqı və digər sosial ödənişlərin edilməsi üçün aparılır. Büdcədən investiya yönümlü vəsaitlər ayrılmır. Büdcə açılımı olandan sonra bazara əlavə manat daxil olacaq. Dövriyyəyə əlavə manat buraxıldıqda isə manatın dollar qarşısında ucuzlaşması qaçılmazdır. Bu mənada Mərkəzi Bank hələ ki, ehtiyatlı addım atır”.

BAKU.WS