2026-cı ildə Azərbaycanda iqtisadi artım 2,5 % təşkil edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBDR) Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2 %, 2026-cı ildə isə 2,5 % artacağını proqnozlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu proqnoz bankın sentyabr ayına olan "Regional iqtisadi perspektivlər" icmalında yer alıb.
Azərbaycanda 2025-ci il üçün ÜDM-in artım göstəricisi may proqnozu ilə müqayisədə 1 faiz bəndi aşağı salınıb, 2026-cı il üçün proqnoz isə dəyişməz qalıb.
"Azərbaycanda iqtisadi artım 2024-cü ildəki 4,1 %-dən 2025-ci ilin birinci yarısında illik 1,5 %-ə qədər yavaşlayıb, belə ki, karbohidrogen hasilatı sektorunda azalma 3,1 % təşkil edib, qeyri-neft sektorunda isə fəallıq tikinti, ticarət və turizmin hesabına 3,8 % artıb", - icmalda qeyd olunur.
EBDR vurğulayır ki, 2025-ci ildə real ÜDM-in 2 %, 2026-cı ildə isə 2,5 % artacağı proqnozlaşdırılır, bu da qeyri-neft sektorundakı fəallıq və onun neft sektorundakı daha zəif göstəriciləri kompensasiya etməsi ilə əlaqədardır. "Enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasət iqtisadi artımda yavaşlama riskləri yaradır. ÜDM-in artım potensialı Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişləndirilməsi, Ermənistanla sülh gündəliyi ilə bağlıdır ki, bu da yeni ticarət marşrutlarının açılmasına səbəb ola və investorların etimadını artıra bilər", - hesabatda qeyd olunur.
Şərqi Avropa və Qafqazda artım 2023-cü ildəki 4,7 %-dən 2024-cü ildə 3,9 %-ə və 2025-ci ilin birinci yarısında 2 %-ə qədər yavaşlayıb, belə ki, vasitəçi ticarətdən və Qafqaz iqtisadiyyatına işçi qüvvəsi və kapital axınından irəli gələn təkan zəifləyib. Regionda orta illik artımın 2025-ci ildə 3 %, 2026-cı ildə isə 4,4 %-ə qədər sürətlənəcəyi gözlənilir.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3 %, 2026-cı ildə isə 2,9 % səviyyəsində proqnozlaşdırır. 2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı 1 % artıb.
Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: "S&P Global" 2025-2026-cı illərdə ildə 2 %, "Fitch Ratings" 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,5 %, "Moody's" ildə 2,5 % səviyyəsində artım gözləyir.
Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illərdə Azərbaycanda iqtisadi artımı müvafiq olaraq 3,5 % və 2,5 %, Asiya İnkişaf Bankı 3,4 % və 3,3 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % səviyyəsində proqnozlaşdırır.
Oxşar xəbərlər
Mərkəzi Bank yeni rəqəmsal sorğu layihəsinə start verir
Mərkəzi Bank rəqəmsal platformada sorğu həyata keçirəcək yeni layihəyə start verir. BAKU.WS xəbər verir ki, bunu Mərkəzi Bankın Statistika Departamentinin dire...
