SİZİN REKLAM BURADA!
055 213 76 73


Neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun genişləndirilməsinə yönləndirilməsi Azərbaycanın dayanıqlı və davamlı inkişafını şərtləndirir və iqtisadi gücünü artırır.

BAKU.WS-in Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bunu “Gülüstan” sarayında “Neftçilər Günü” peşə bayramı münasibətilə keçirilmiş tədbirdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O, Prezident İlham Əliyevin "Neftçilər Günü" münasibətilə təbrikini çatdırıb, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb.

Tədbirdə M.Cabbarovla yanaşı energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, “Equinor” şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pedersen və digər rəsmi şəxslər iştirak ediblər.

Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, SOCAR-ın mətbuat katibi Orxan Hüseynov 29 il öncə “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak etmiş, H.Əliyevin 100 illik yubileyinə və “Neftçilər Günü”nə həsr olunan “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda təşkil olunan konfransa fəxri qonaq qismində qatılmış BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, həmçinin “Equinor” şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pederseni salamlayıb və onları tədbir iştirakçılarına təqdim edib.

Konfransın “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi”nin imzalandığı “Gülüstan” sarayında Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini qeyd edən O. Hüseynov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra ötən bir ildə Prezident İlham Əliyevin neft-qaz sahəsi üzrə çıxışlarına dair videoçarx təqdim olunub.

P.Şahbazov isə çıxışında Ulu Öndərin neft strategiyasının töhfələri olan layihələrin hər birinin bu gün ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iqtisadi uğurlarımızın mühüm mənbələri olduğunu diqqətə çatdırıb. Nazir ölkəmizdə neft hasilatının 63 %-ni təşkil edən “Azəri-Çıraq-Günəşli” (AÇG) və əmtəəlik qazın, təxminən, 70 %-nin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 580 milyon ton neft, 43 milyon ton kondensat çıxarıldığını, 621 milyon ton neft-kondensat həcmlərinin ixrac olunduğunu vurğulayıb.

P. Şahbazov “Şahdəniz” yatağından hasil edilən 202 milyard kubmetr qazın isə 143 milyard kubmetrinin xarici bazarlara nəql edildiyini bildirib. Energetika naziri gözlənilən tələbat, etibarlı və təhlükəsiz təchizat marşrutlarına üstünlük verilməsi səbəbindən Azərbaycanın neft-qaz resurlarının uzun müddət bir çox ölkələr üçün prioritet olacağını qeyd edib. Nazir bu xüsusda, AÇG-nin 2050-ci ilədək işlənilməsi ilə bağlı tərəfdaşlarımızla ortaq mövqeyin nəinki ölkəmizdə neft hasilatında, həmçinin tədarük çatışmazlığının yaşandığı enerji bazarlarında sabitlik üçün də önəmli olduğunu vurğulayıb.

BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun Ümummilli Liderlə bir neçə dəfə görüşmək şərəfinə nail olduğunu, Ulu Öndəri güclü və xarizmatik lider kimi xatırladığını, onun uzaqgörən rəhbərliyinin Azərbaycanın müasir tarixini və yeni neft strategiyasını formalaşdırdığını ifadə edib. Ulu Öndərin təkcə Azərbaycan xalqının deyil, bütün regionun inkişafında müstəsna rol oynadığını qeyd edən Lord Con Filip Braun Ulu Öndərin sarsılmaz dəstəyi nəticəsində “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan və “Şahdəniz” kimi dünya səviyyəli enerji layihələrinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

“Əsrin müqaviləsi”nin imzalanması prosesində “Equinor” şirkətinin Azərbaycan üzrə sabiq prezidenti Tor-İvar Pedersen çıxışında H.Əliyevin Azərbaycanın enerji gələcəyinin formalaşmasında oynadığı mühüm rolun şahidi olduğunu qeyd edib, Ulu Öndərin uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycanın qlobal neft və qaz sənayesində nüfuzunun artdığını vurğulayıb. Ölkəmizin qlobal enerji bazarında mövqeyini möhkəmləndirən çoxsaylı neft və qaz layihələrinin tarixçəsindən bəhs edən fəxri qonaq bunların təməlində Ulu Öndərin uzaqgörənliyi və fədakarlığının dayandığını ifadə edib.

Xalqımızın Ümummilli Liderinin 2001-ci ildə təsis etdiyi "Neftçilər Günü” münasibətilə təbriklərini çatdıran SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan neftçilərinin ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Prezident İlham Əliyevin neft-qaz sənayesinin davamlı inkişafını, onun maddi-texniki bazasının gücləndirilməsini, neftçilərimizin sosial rifah halının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti neftçilərə göstərilən hərtərəfli qayğıya görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.

R. Nəcəf bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini, “Heydər Əliyev İli” çərçivəsində ölkə daxilində və xaricində SOCAR tərəfindən Ulu Öndərə həsr olunan elmi-praktiki konfransların, yarışların, düşərgələrin, təhsil müəssisələrində mühazirələrin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan neftçilərinin müasir dövlətimizin qurucusu və yeni enerji strategiyamızın müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim dərin ehtiramla andığını, bu gün əldə etdiyimiz bütün nailiyyətlərin təməlində Ulu Öndərin müdrik və uzaqgörən enerji strategiyasının dayandığını qeyd edib.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə çıxışında Azərbaycan neft-qaz sənayesinin keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən akademik Xoşbəxt Yusifzadə Ulu Öndər ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. SOCAR-ın birinci vitse-prezidenti bu gün Ulu Öndərin yeni enerji strategiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, regionun aparıcı dövləti olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib. “Birinci gün” zərflərini P.Şahbazov, R.Nəbiyev, R.Əlixanov və R.Nəcəf möhürləyib, konfrans iştirakçılarına poçt markalarının əks olunduğu hədiyyə çərçivələri təqdim olunub.

BAKU.WS
QALEREYA