Venesuelada zəlzələ qurbanlarının sayı 3 342 nəfərə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 3 342 nəfərə çatdı
Dünya 20

Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 3 342 nəfərə yüksəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 16 740 nəfər yaralanıb. İndiyədək dağıntılar altından 6 462 nəfər sağ çıxarılıb, 17 345 nəfər isə evsiz qalıb. Zərərçəkənlər üçün ölkə üzrə 79 müvəqqəti sığınacaq yaradılıb.

Rodriges bildirib ki, indiyədək 86 794 ailəyə humanitar yardım çatdırılıb. Zərərçəkənlərə ümumilikdə 9 585 ton ərzaq və 669 min litrdən çox içməli su paylanıb.

Axtarış-xilasetmə əməliyyatlarına 29 567 hərbçi və polis əməkdaşı, həmçinin 27 482 könüllü cəlb olunub.

Yerli KİV-in məlumatına görə, itkin düşən şəxslərlə bağlı müraciətlərin qəbulu üçün xüsusi telefon xətti və rəqəmsal platforma yaradılıb. Mülki təşəbbüs tərəfindən yaradılan "Venesuela Zəlzələsində İtkin Düşənlər" platformasına isə indiyədək 31 mindən çox itkin müraciəti daxil olub.

Xatırladaq ki, ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini açıqlamışdı. Axtarış-xilasetmə işləri davam etdiyindən ölən və yaralananların sayının artacağı istisna edilmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər