Tramp Orta Asiya liderləri ilə görüşəcək - Rusiya və Çin üçün siqnal
ABŞ Prezidenti Donald Tramp gələn həftə Orta Asiya ölkələrinin liderləri ilə görüş keçirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş 6 noyabr tarixində – cümə axşamı baş tutacaq. Sammitdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan rəhbərlərinin iştirakı planlaşdırılır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti oktyabrın 26-da bəyan edib ki, Orta Asiya liderlərinin və Trampın iştirakı ilə sammitin Vaşinqtonda keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Tokayev 21–23 sentyabr tarixlərində BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorka səfər etmişdi. Sentyabrın 22-də o, Donald Tramp ilə görüş keçirmiş, tərəflər ikitərəfli əməkdaşlıq və beynəlxalq ticarət məsələlərini müzakirə etmişdilər. Tramp həmin görüşdə Qazaxıstanla iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdı.
Həmin dövrdə ABŞ lideri həmçinin bəyan etmişdi ki, Özbəkistan "Boeing" şirkəti ilə 8 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, Vaşinqtonda keçiriləcək bu sammitin həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyəti var. ABŞ Orta Asiyada təsir imkanlarını gücləndirməyə çalışır. Bu region uzun illərdir Rusiya və Çinin geosiyasi maraqlarının toqquşduğu məkan hesab olunur.
Tramp administrasiyası region ölkələri ilə münasibətləri yenidən canlandırmaqla, ABŞ-nin təhlükəsizlik və diplomatik mövqeyini möhkəmləndirmək niyyətindədir. Eyni zamanda, sammit Birləşmiş Ştatların Əfqanıstan və İranla bağlı siyasətinə dolayı təsir göstərə bilər, çünki bu ölkələr Orta Asiya ilə sərhəddə yerləşir.
ABŞ Orta Asiya ölkələri ilə enerji resursları, nəqliyyat-logistika dəhlizləri və aerokosmik sənaye kimi sahələrdə əməkdaşlığı artırmaq istəyir. "Boeing" kimi böyük Amerika şirkətlərinin bu regionda müqavilələr bağlaması, ABŞ-nin Orta Asiyaya investisiya və texnologiya ixracı strategiyasının bir hissəsidir. Qazaxıstan və Türkmənistan kimi ölkələrdə enerji sektorunun inkişafı, ABŞ üçün həm də alternativ enerji mənbələrinin təminatı baxımından əhəmiyyət kəsb edir.
Ekspertlərin fikrincə, görüş nəticəsində Vaşinqton Orta Asiya ilə yeni siyasi-iqtisadi dialoq formatı formalaşdıra bilər. Bu isə həm region ölkələri üçün, həm də ABŞ üçün qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlığın başlanğıcı ola bilər.
Oxşar xəbərlər
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
Rəsmi Vilnüs Belarus məhsullarının Litva ərazisindən Rusiyanın Kalininqrad vilayətinə tranzitinə qadağa qoyulmasını nəzərdən keçirir. BAKU.WS "Report"a istinadə...