Şahın ən çox qorxduğu məhbus: İranın ali lideri haqqında bilmədiyiniz ŞOK FAKTLAR

Şahın ən çox qorxduğu məhbus: İranın ali lideri haqqında bilmədiyiniz ŞOK FAKTLAR
Video
Dünya 138

İran siyasətində əsas söz sahibi və İslam dünyasının tanınmış din xadimi olan Əli Xamenei 19 aprel 1939-cu ildə Məşhəd şəhərində anadan olub. Atasının yolunu davam etdirərək gənc yaşlarından dini təhsilə başlayan Xamenei Nəcəf və Qum şəhərlərində fəaliyyət göstərib. Məhz Qumda o, gələcək İslam İnqilabının rəhbəri Ruhullah Xomeyni ilə tanış olub. Şah rejimi dövründə siyasi fəaliyyətinə və Xomeyninin ideyalarını yaydığına görə 6 dəfə həbs edilən Xamenei ağır işgəncələrə məruz qalıb.

Bu barədə Baku TV-nin video materialında bildirilir.

1979-cu il həm İran, həm də Xameneinin taleyində dönüş nöqtəsi oldu. Şah Məhəmməd Rza Pəhləvinin devrilməsindən sonra Xomeyni sürgündən qayıtdı və ölkədə İslam Respublikası elan olundu. Xamenei sürətlə hakimiyyət iyerarxiyasında yüksələrək 1981-ci ildə böyük səs çoxluğu ilə prezident seçildi. Onun 8 illik prezidentlik dövrü yüzminlərlə insanın həyatına son qoyan qanlı İran-İraq müharibəsi ilə yadda qaldı.

1989-cu ildə Xomeyninin vəfatından sonra 49 yaşlı Xamenei ölkənin yeni ali lideri seçildi. Həmin vaxt kifayət qədər yüksək dini rütbəsi olmasa da, qısa müddətdə Ayətullah statusu aldı.

Xameneinin rəhbərliyi dövründə İran regionda təsirini genişləndirərək ABŞ və İsrailə qarşı "müqavimət oxu" formalaşdırdı. Bu strategiya çərçivəsində Livanda "Hizbullah", Yəməndə husilər, İraqda şiə qruplaşmaları və Fələstin təşkilatları ilə əlaqələr gücləndirildi. Qərblə ən ciddi gərginlik mövzusu isə nüvə proqramı oldu. 2015-ci ildə imzalanan nüvə sazişindən 2018-ci ildə ABŞ-nin çıxması bölgədəki gərginliyi pik həddə çatdırdı.

Onun uzunmüddətli hakimiyyəti həm də kütləvi etirazlarla müşayiət olunub:

- 2009-cu il: Prezident seçkisindən sonrakı "Yaşıl hərəkat" nümayişləri.

- 2017-2019-cu illər: İqtisadi çətinliklərə qarşı aksiyalar.

- 2022-ci il: 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəni bürüyən genişmiqyaslı etiraz dalğası.

2025-ci ildə İran İsrail və ABŞ-nin birbaşa hərbi hücumlarının hədəfinə çevrildi. "12 günlük müharibə" zamanı İranın nüvə və hərbi obyektləri vuruldu, strateji nöqtələr ABŞ-nin "B-2" bombardmançıları tərəfindən hədəfə alındı. Tehran isə bu hücumlara İsrailə raket zərbələri endirməklə cavab verdi.

Onilliklər ərzində İranın siyasi sistemini formalaşdıran Əli Xamenei Yaxın Şərqdə ən uzun müddət hakimiyyətdə qalan dövlət başçılarından biri kimi tarixə düşdü.

Son xəbərlər