Rusiyada xəstəxanalarda doğuş prosesi lentə alına bilər
Rusiyada pasiyentlərin təhlükəsizliyini təmin etmək məqsədilə doğuş prosesinin məcburi və fasiləsiz videoya çəkilməsi təklifi irəli sürülüb. Lakin həkimlərin fikrincə, bu təşəbbüs birmənalı qarşılanmır və bəzi hallarda qadınlarda əlavə stress yarada bilər.
BAKU.WS xəbər verir ki, mütəxəssislər 360.ru-ya açıqlamalarında bildiriblər ki, hər bir qadın doğuş zamanı kameranın olmasına razılıq verməyəcək.
Bədən yönümlü terapevt Yanina Mileyko deyib ki, doğuş prosesinin videoya çəkilməsi doğum otağında baş verənləri izləmək, həkim və tibb bacılarının davranışlarını və qəbul etdikləri qərarları qiymətləndirmək baxımından yeganə real üsuldur. Bununla belə, o, məsələnin etik tərəfinin də nəzərə alınmalı olduğunu vurğulayıb və belə çəkilişlərin yalnız qadının razılığı ilə mümkün ola biləcəyini bildirib.
"Düşünürəm ki, doğuş edən qadınların əksəriyyəti bu məsələ ilə bağlı gərginlik keçirəcək", – deyə Mileyko qeyd edib və əlavə edib ki, bir çox qadın üçün bu tədbir əlavə stress mənbəyinə çevrilə bilər.
Doğuşların videoya çəkilməsinə hər kəsin razı olmayacağı fikri ilə psixoloq və travmaterapevt Yuliya Poltavskaya da razılaşıb.
"Videoçəkiliş kimi tədbirlərdən danışanda anlayıram ki, məqsəd prosesi maksimum dərəcədə şəffaf, aydın və təhlükəsiz etməkdir. Amma psixoemosional vəziyyət baxımından bu yanaşma hər kəs üçün uyğun və faydalı olmaya bilər", - deyə o vurğulayıb.
Poltavskayanın fikrincə, doğuş prosesinin çəkilişi artıq həddindən artıq bir tədbirdir və doğum üçün vacib olan atmosferi poza bilər. Onun sözlərinə görə, kadrların üçüncü şəxslərin əlinə keçə biləcəyi qorxusu səbəbindən bir çox qadın kamera qarşısında doğuş etməyə razılaşmayacaq.
Oxşar xəbərlər
Nyu-Yorkda Pokemon mağazasından 100 min dollarlıq oğurluq edilib
ABŞ-nin Nyu-York şəhərində silahlı üç naməlum şəxs Manhettendə yerləşən Pokemon mağazasına basqın edərək təxminən 100 min dollar dəyərində kolleksiya məhsulları...