Rusiyada FTX daha bir polis generalını saxlayıb

Rusiyada FTX daha bir polis generalını saxlayıb
Dünya 117

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Volqaboyu Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəhbəri, general-mayor Aleksandr Berejnoy saxlanılıb.

Bu barədə "Baza" teleqram kanalında məlumat verilib.

Nəşrin məlumatına görə, 49 yaşlı Berejnoy Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqın versiyasına əsasən, 2023-cü ildə o, polis binasının təmirinə dair yerinə yetirilməmiş işlərin qəbul edilməsi üçün göstəriş verib. Bundan əlavə, xidməti "Neptun 550" katerini saxta sənədlərlə qeydiyyata salaraq şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir.

Berejnoy 2017-ci ildə Nəqliyyat İdarəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdu. O, "İgidliyə görə" medalı və "Cəsarət ordeni" daxil olmaqla, bir sıra dövlət mükafatları ilə təltif edilib. General-mayor ötən ilin payızında vəzifəsindən ayrılmışdı.

Bundan əvvəl Yekaterinburqda məhkumların hüquqlarına nəzarət üzrə Federal Cəzaçəkmə Xidməti rəhbərinin köməkçisi, polkovnik Marat Kabirov rüşvət almaqda şübhəli bilinərək saxlanılmışdı.

Son xəbərlər