Putin və Əş-Şəraa arasında tarixi görüş: Əsədin taleyi necə olacaq?

Putin və Əş-Şəraa arasında tarixi görüş: Əsədin taleyi necə olacaq?
Araşdırma
Dünya 37

Suriyanın keçid dövrü lideri Əhməd Əş-Şaraa ilk dəfə işgüzar səfərlə Moskvaya gedib

BAKU.WS xəbər verir ki, oktyabrın 15-də baş tutan səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Kreml Sarayında keçirilən danışıqlar iki saat yarımdan çox davam edib və həm Rusiya, həm də Suriya üçün mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Putin danışıqlar zamanı bildirib ki, Moskva Dəməşqlə münasibətlərdə hər zaman Suriya xalqının maraqlarını əsas götürüb və bu əlaqələri heç vaxt siyasi konjonktura və ya xüsusi maraqlarla bağlamayıb. "Rusiya Suriyanın tərəfdaşı kimi həmişə onun xalqının rifahını əsas məqsəd sayıb", – deyə Putin vurğulayıb.

Danışıqlardan sonra Rusiya Baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, Moskva Suriyanın infrastrukturunun bərpasında fəal iştirak etməyə hazırdır. Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiya və Suriya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Kreml sözçüsü Dmitri Peskovun açıqlamasına görə, görüşdə Tartus və Hmeymimdəki Rusiya hərbi bazalarının gələcəyi də müzakirə edilib.

Qeyd edək ki, görüşdən əvvəl "Reuters" agentliyi yazıb ki, Əhməd Əş-Şaraa keçmiş prezident Bəşər Əsədin Suriyaya təhvil verilməsini tələb etməyi planlaşdırır. 2024-cü ilin dekabrında Əsəd devriləndən sonra Rusiya ona "humanitar səbəblərlə" siyasi sığınacaq verib. Sentyabr ayında isə Dəməşq məhkəməsi keçmiş lider barəsində həbsetmə orderi çıxarıb.

Yeni hakimiyyətin bu tələbi Suriyada siyasi keçid dövrünün başladığını və keçmişlə hesablaşma mərhələsinin yaxınlaşdığını göstərir. Əş-Şaraa daha əvvəl bəyan etmişdi ki, Suriya Rusiyayla münasibətləri yenidən başlatmaq, onları yeni dəyərlər üzərində qurmaq niyyətindədir.

Ekspertlər hesab edir ki, Moskvanın Əsədi Dəməşqə təhvil verməsi az ehtimal olunur, çünki o, Rusiyanın Yaxın Şərqdəki siyasi tarixinin bir hissəsidir. Lakin bu məsələnin simvolik mənası ola biləcəyi də istisna deyil. Bu, qisas deyil, keçmişlə əlaqənin kəsilməsi və qanuniliyə sadiqliyin nümayişidir. Belə addım Rusiyanın yalnız rejimlərlə deyil, xalqlarla da işlədiyini göstərərdi.

Digər tərəfdən kompromis variant da mümkündür. Əsəd Rusiyada qalacaq, lakin siyasi təsir imkanları məhdudlaşdırılacaq, Rusiya isə Suriyanın yenilənməsi kursunu dəstəkləyəcək. Bu, Moskvanın həm beynəlxalq balansı qorumasına, həm də yeni Suriya rəhbərliyi ilə əlaqələri gücləndirməsinə şərait yaradacaq.

Suriya lideri Əhməd Əş-Şaraa Moskvada suriyalı diaspor nümayəndələri ilə də görüş keçirib. Görüş zamanı o, yeni hökumətin əsas prioritetlərinin ölkənin bərpası, sülhün möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olduğunu vurğulayıb.

Moskva görüşü həm Rusiya, həm də yeni Suriya hökuməti üçün regionda münasibətlərin yenidən formalaşması baxımından mühüm mərhələ oldu. Əsədin taleyi isə hələ də açıq qalır – o, ya Rusiyada qalacaq, ya da yeni Suriya hakimiyyətinin tələb etdiyi kimi, ədalət qarşısında cavab vermək üçün Dəməşqə qaytarıla bilər.

Son xəbərlər