Poltavaya raket hücumu: Ölənlərin sayı 14-ə çatıb

Poltavaya raket hücumu: Ölənlərin sayı 14-ə çatıb
Dünya 190

Fevralın 1-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Poltava şəhərinə endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 14 nəfərə yüksəlib.

BAKU.WS xəbər verir ki, bu barədə "RBK-Ukraina" Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti və vilayət hərbi administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, qismən dağılan beşmərtəbəli binanın dağıntıları altından daha bir neçə meyit çıxarılıb. Həlak olanlar arasında iki uşaq da var.

Raket hücumu nəticəsində 17 nəfər, o cümlədən dörd uşaq xəsarət alıb. Fövqəladə xidmət əməkdaşları 22 nəfəri xilas edib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, ilkin olaraq yeddi nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, fevralın 1-də Rusiya qüvvələri Ukraynaya 123 pilotsuz uçuş aparatı və 42 müxtəlif tipli raket buraxaraq genişmiqyaslı hava hücumu həyata keçirib. Poltavada raket yaşayış binasına düşüb və bir girişin tamamilə çökməsinə səbəb olub.

Son xəbərlər