Müasir heyvanlar hansı qədim növlərdən təkamül edib?

Müasir heyvanlar hansı qədim növlərdən təkamül edib?
Araşdırma Foto
Dünya 170

Müasir dövrdə yaşayan bir çox heyvan növünün genetik kökü milyonlarla il əvvələ dayanır.

BAKU.WS xəbər verir ki, təkamül prosesi nəticəsində bəzi növlər zamanla tamamilə dəyişərək yeni canlılara çevrilib. Harvard Universiteti, Smithsonian Institution, Nature, Science və National Geographic kimi nüfuzlu elmi nəşrlərin yayımladığı araşdırmalar göstərir ki, bir çox ev heyvanı və vəhşi növ bu gün varlığını qədim əcdadlara borcludur.

Təxminən 4 min il əvvəl nəslinin kəsildiyi hesab edilən mamutlar, xüsusilə şimal bölgələrdə geniş yayılmışdı. Bu nəhəng canlıların genetik kodları müasir fillərlə müqayisə edildikdə, böyük oxşarlıqlar aşkarlanıb. Asiya fili (Elephas maximus) mamutlarla ən yaxın qohum sayılır. Bəzi tədqiqatçılar mamutların genlərini yenidən canlandırmaq üzərində də işləyirlər.

Bugünki ev atları, Şimali Amerikada yaşamış və təxminən 4 milyon il əvvəl yaranan Equus simplicidens adlı növdən təkamül edib. Qazıntı yerlərində tapılan sümüklər və DNT analizləri bu keçidi təsdiqləyir. Atlar sonradan Avrasiyaya yayılıb və burada müxtəlif istiqamətlərdə əhliləşdirilib.

Ev itlərinin əcdadı boz qurdlar (Canis lupus) hesab olunur. Genetik tədqiqatlar göstərir ki, itlərin və canavarların DNT-si 99,9 % eynidir. Bu təkamül prosesi təxminən 15-20 min il əvvəl başlayıb və insanlarla qurulan qarşılıqlı əlaqə nəticəsində itlər müxtəlif cinslərə ayrılıb.

Ev inəklərinin mənşəyi Avrasiya və Afrikada yaşamış iri vəhşi öküzlər – aurochslara dayanır. Bu heyvanların nəsli 1600-cü illərdə kəsilsə də, onların genetik xətti müasir inəklərdə yaşamağa davam edir. Müasir inəklərin müxtəlif növləri, regiona uyğun olaraq, fərqli aurochs qruplarından təkamül edib.

Ev donuzları təxminən 9-10 min il əvvəl Orta Şərq və Çin ərazilərində yaşayan vəhşi qabanlardan (Sus scrofa) əhliləşdirilib. Genetik tədqiqatlar göstərir ki, bu proses fərqli bölgələrdə eyni zamanda baş verib və nəticədə müxtəlif donuz cinsləri meydana çıxıb.

Ev pişiklərinin əcdadı kimi Felis lybica, yəni Afrika vəhşi pişiyi göstərilir. Bu proses təxminən 9 min il əvvəl baş verib və pişiklər ilk dəfə Yaxın Şərqdə əhliləşdirilib. Maraqlıdır ki, pişiklər insanlarla ilk əlaqəyə zərərvericilərlə mübarizə vasitəsi kimi girib və daha sonra ev heyvanına çevrilib.

Təkburunlu dəvələr (Camelus dromedarius) və ikiqozalı dəvələr (Camelus bactrianus) qədimdə Şimali Amerikada yaşamış Protylopus adlı nisbətən kiçik bir növdən təkamül edib. Maraqlıdır ki, dəvələr sonradan Asiya və Yaxın Şərqə yayılıb.

Müasir ev toyuqları genetik olaraq qırmızı bankiv toyuğu (Gallus gallus) ilə eynidir. Bu quş növü Cənub-Şərqi Asiyada yaşayır və təxminən 8-9 min il əvvəl əhliləşdirilib.

Son xəbərlər