Mars mənşəli meteoritdə əvvəllər rast gəlinməyən mineral aşkar edilib

Mars mənşəli meteoritdə əvvəllər rast gəlinməyən mineral aşkar edilib
Dünya 17

Alimlər Marsdan gəldiyi müəyyən edilən meteoritdə indiyədək Qırmızı planet nümunələrində qeydə alınmamış mineral tapıblar. Kəşf Marsın geoloji təkamülünün öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

BAKU.WS xəbər verir ki, tədqiqat zamanı Kanadadakı Royal Ontario Museum kolleksiyasında saxlanılan meteorit parçasında qranat mineralının çox kiçik hissəcikləri aşkarlanıb.

Mütəxəssislərin sözlərinə görə, tapılan mineral dəmirlə zəngin qranat növü olan andraditdir. O, adi tünd qırmızı qranatlardan fərqli olaraq sarı-yaşıl rəngə malikdir. Mineralın ölçüsü isə cəmi 0,8 x 0,5 millimetr olub.

Araşdırma zamanı alimlər əvvəlcə nümunəni daha geniş yayılmış piroksen mineralı hesab etsələr də, sonrakı analizlər onun unikal kimyəvi tərkibə malik olduğunu göstərib.

NWA 8171 adlanan meteorit bazalt brekçiyası növünə aiddir. Bu süxur maqmanın soyuyaraq müxtəlif mineralların ətrafında bərkiməsi nəticəsində yaranır və keçmiş geoloji şərait barədə mühüm məlumatları qoruyub saxlayır.

Alimlər qranatın Marsda yüksək temperatur, təzyiq və ya isti mayelərin təsiri altında formalaşmış ola biləcəyini ehtimal edirlər. Bunun böyük meteorit zərbəsi və ya planetin qabığında maqmanın yüksəlməsi nəticəsində baş verdiyi güman edilir.

Bununla yanaşı, tədqiqatçılar mineralın Marsdan kənarda yaranaraq sonradan planetin səthinə düşməsi ehtimalını da istisna etmirlər. Bu versiyanın yoxlanılması üçün qranatın izotop tərkibinin digər Mars nümunələri ilə müqayisə ediləcəyi bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər