Makron növbəti müharibənin yerini açıqladı

Makron növbəti müharibənin yerini açıqladı
Dünya 119

"Müasir münaqişələr artıq kosmosda aparılır və gələcək müharibələr də məhz orada başlayacaq".

BAKU.WS xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron çərşənbə günü açıqlama verib.

O, Rusiyanın yaratdığı təhlükəyə diqqət çəkərək, kosmosdakı hərbi fəaliyyətlər üçün milyardlarla avroluq əlavə vəsait ayrılacağını bildirib.

"Təəssüf ki, bu günün müharibəsi artıq kosmosda gedir, sabahın müharibəsi isə məhz orada başlayacaq", – deyə Makron Fransanın kosmos və aviasiya mərkəzi olan Tuluza şəhərində yeni yaradılmış hərbi kosmik komandanlığın qərargahında çıxışı zamanı qeyd edib.

"Artıq kosmos toxunulmaz məkan deyil, döyüş meydanına çevrilib", – deyə Fransa lideri əlavə edib.

Makron qeyd edib ki, Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğalından sonra kosmosda casusluq fəaliyyətləri həyata keçirməyə başlayıb. Onun sözlərinə görə, rus peykləri Fransa peyklərini izləyir, GPS siqnalları kütləvi şəkildə pozulur və kosmik infrastruktura qarşı kiberhücumlar həyata keçirilir.

Fransa Prezidenti həmçinin Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək kimi xüsusilə narahatedici təhdidini vurğulayıb və bunun bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib.

Makron konkret detalları açıqlamasa da, 2030-cu ilə qədər hərbi kosmik fəaliyyətlər üçün əlavə 4,2 milyard avro maliyyə vəsaiti ayrılacağını bildirib.

O, həmçinin Avropanın "həssas" kosmik sektorunda yerli şirkətlərin qlobal bazarda rəqabət qabiliyyətini artırmaq zərurətini qeyd edib.

Fransanın yeni kosmos strategiyasının prioritetləri sırasında yenidən istifadə edilə bilən, aşağı xərcli və yüksək gücə malik mühərriklərlə təchiz olunmuş gələcək buraxılış sistemlərinin hazırlanması da yer alır.

Makron ABŞ milyarderləri İlon Mask (SpaceX) və Ceff Bezosun (Blue Origin) ambisiyalı kosmik proqramlarına işarə edərək deyib:

"Biz üçüncü ölkələrdən və ya kosmik maqnatlardan asılı ola bilmərik. Hazır olmalıyıq – bu, quru, hava və dənizdə hərbi əməliyyatların uğuru üçün əsas şərt olacaq".

Son xəbərlər