Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı

Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
Dünya 9

Konqo Demokratik Respublikasının (KDR) şərqində Ebola virusu xəstəliyinin hazırkı yayılması çərçivəsində əhali arasında ilk vaksinasiya kampaniyasına başlanılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Konqo Agentliyi məlumat yayıb.

KDR-nin səhiyyə naziri Samuel Roje Kamba bildirib ki, ilk növbədə Ebola ilə mübarizənin ön cəbhəsində olan şəxslər - tibb işçiləri və xəstələrlə təmasda olmuş insanlar vaksinasiya edilirlər.

Onun sözlərinə görə, KDR Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) 50 min doza "Ervebo" vaksini alıb və onun istifadəsinə başlanılıb. ÜST-dən əldə edilən daha 20 min doza "Ervebo" isə KDR ərazisində klinik sınaqlar üçün istifadə olunacaq.

Kanadalı alimlər tərəfindən hazırlanmış və "Merck" şirkəti tərəfindən istehsal olunan "Ervebo" vaksini KDR-də Ebola virusuna qarşı ilk dəfə 2018-ci ildə tətbiq edilib. Vaksinin Ebola xəstəliyinin törədicilərindən biri olan Zair virusuna qarşı effektivliyi sübuta yetirilib.

Lakin hazırkı epidemiya Bundibugyo virusundan qaynaqlanır və bu virusa qarşı vaksin hələ hazırlanma mərhələsindədir. Kamba "Ervebo" vaksininin onu qəbul edən şəxslərdə immuniteti gücləndirəcəyinə ümid etdiyini bildirib.

KDR Səhiyyə Nazirliyinin məlumatına görə, hazırkı epidemiya zamanı 5 794 nəfər xəstələnib, 2 786 nəfər ölüb. Ölüm göstəricisi 48,1 faiz təşkil edir. Hazırda xəstəxanalarda və tibbi təcridxanalarda 843 nəfər Ebola şübhəsi ilə nəzarətdə saxlanılır.

Hazırkı Ebola epidemiyası mayın 15-də KDR və Uqandada başlayıb. KDR üçün bu, xəstəlik tarixində ölüm sayına görə ikinci ən ağır epidemiya hesab olunur. Hazırda virus ölkənin altı əyalətində qeydə alınıb.

ÜST KDR-dəki Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Uqanda hakimiyyəti iyulun 28-də ölkədə epidemiyanın başa çatdığını açıqlayıb. Avqustun 25-də ÜST də Uqandadakı epidemiyanın başa çatdığını təsdiqləyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər