Kallas: Aİ etirazların amansız yatırılımasına görə İrana qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqı (Aİ) İrandakı etirazların genişmiqyaslı və amansız yatırılmasına cavab olaraq İrana qarşı yeni məhdudiyyətlər hazırlayır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Strasburqda parlamentdə İranla bağlı dinləmələr zamanı bəyan edib.
Kallas vurğulayıb ki, Aİ artıq İrana qarşı insan hüquqlarının pozulması, nüvə fəaliyyəti və Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyi üçün geniş sanksiyalar tətbiq edib.
Hazırda Aİ İranın pilotsuz uçuş aparatları (PUA) və raketlərinin istehsalında istifadə edilə bilən komponentlərə əlavə ixrac məhdudiyyətləri təklif edir, həmçinin etirazçılara qarşı təzyiqlərlə əlaqədar yeni sanksiyalar hazırlayır.
"İran son illərin ən böyük nümayişlərini yaşayır. İştirakçılar azadlıq, ləyaqət və öz gələcəklərini müəyyən etmək hüququ tələb edirlər", - o bildirib və əlavə edib ki, hakimiyyət dinc etirazlara zorakılıqla cavab verir, minlərlə insan İran rəsmilərinin özlərinin etiraf etdikləri kimi, son həftələrdə öldürülüb.
O, həmçinin qeyd edib ki, Aİ Tehrandan bütün ədalətsiz saxlanılan şəxslərin dərhal azad olunmasını, internetə çıxışın bərpasını və zorakılığın dayandırılmasını tələb edib. Kallasın sözlərinə görə, İran hakimiyyətinin hərəkətləri regional təhlükəsizliyə təhdid yaradır və gələcək eskalasiya riskini artırır.
Bəzi parlamentarilər İranın şah sülaləsinin son nümayəndəsi Rza Pəhləviyə Avropa Parlamentində çıxış etmək təklifi ediblər və bunu onun etirazlara aid çağırışları ilə əsaslandırıblar. Lakin digər deputatlar bu təşəbbüsləri kəskin şəkildə tənqid edərək, azadlıqları boğan bir rejimin digəri ilə əvəzlənməsinin yolverilməz olduğunu bildiriblər. Avropa ölkələrində İran səfirliklərinin fəaliyyətinin məhdudlaşdırılması da tələb olunub.
Debatlar zamanı çıxış edən parlament üzvləri Avropa Komissiyasını İrana qarşı yeni ciddi sanksiyalar tətbiq etməyə və İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıblar. Kallas vurğulayıb ki, SEPAH-ın terror təşkilatı kimi tanınması müzakirə mövzusu olaraq qalır, lakin Aİ-nin bütün üzv dövlətləri arasında məsələ ilə bağlı hələ konsensus əldə edilməyib.
O, həmçinin söyləyib ki, İrandakı vəziyyət və etirazçılara qarşı təzyiqlər növbəti həftə Aİ Şurasının iclasında nəzərdən keçiriləcək.
Oxşar xəbərlər
Yaşar Gülər Pit Heqsetlə Suriyadakı hadisələri müzakirə edib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə amerikalı həmkarı Pit Heqset arasında telefon danışığı olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...