İranda internet bərpa olundu, məktəblər onlayn təhsilə keçdi

İranda internet bərpa olundu, məktəblər onlayn təhsilə keçdi
Dünya 50

İranda son aylarda baş verən kütləvi etirazlar və iğtişaşlardan sonra ölkədə internetə çıxış qismən bərpa edilib.

BAKU.WS RIA Novosti-yə istinadən xəbər verir ki, uzun müddət tamamilə dayandırılan internet hazırda məhdud və qeyri-sabit rejimdə fəaliyyət göstərir.

Bildirilir ki, internet bağlantısı bütün mobil operatorlar üzrə əlçatan deyil. Xarici saytlar və beynəlxalq messencerlərə giriş üçün VPN istifadəsi tələb olunur, lakin hər VPN bütün operatorlarda eyni səviyyədə işləmir.

Bununla belə, Tehranda uyğun operator və VPN seçildiyi halda internetdən nisbətən problemsiz istifadə etmək mümkündür, o cümlədən Rusiya saytlarına və bank tətbiqlərinə giriş təmin edilir.

Gərginlik fonunda ölkədə digər məhdudiyyətlər də davam edir. Tehran əyalətində hava şəraitinin kəskin pisləşməsi səbəbilə yanvarın 24-də bütün ibtidai və orta məktəblərdə dərslər distant formatda keçiriləcək.

Tehranın Təhsil və İctimaiyyətlə Əlaqələr Departamenti bildirib ki, qərar qar və soyuq hava şəraiti ilə əlaqədar qəbul olunub və əyalət icra başçısının ofisi ilə böhran idarəetmə qərargahı ilə razılaşdırılıb. Distant təhsilin növbəti günlərdə davam edib-etməyəcəyi hələlik açıqlanmayıb.

Bundan əlavə, bütün məktəblərə enerjiyə qənaət etmələri, lazımsız istilik və işıqlandırma sistemlərini minimuma endirmələri tövsiyə olunub.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta – rialın devalvasiyası fonunda başlayıb. 8 yanvar 2026-cı ildən etibarən etirazlar iğtişaşlara çevrilib və həmin gün ölkə üzrə internet tamamilə kəsilmişdi. Tasnim agentliyinin məlumatına əsasən, baş verən hadisələr zamanı 3117 nəfər həlak olub.

Son xəbərlər