İranda etiraz aksiyaları: Son durum necədir?

İranda etiraz aksiyaları: Son durum necədir?
Dünya 107

İranda geniş vüsət alan kütləvi etirazlar fonunda Güney Azərbaycanın bir sıra şəhərlərində təhlükəsizlik tədbirləri sərtləşdirilib. Məlumata görə, Təbriz, Ərdəbil və Zəncan şəhərlərinə əlavə polis və hərbi bölmələr cəlb olunub.

BAKU.WS xəbər verir ki, bu barədə İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyası məlumat yayıb. Bildirilib ki, adıçəkilən şəhərlərdə təhlükəsizlik və hərbi qüvvələrin sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Bundan başqa, İranın Tasnim və Mehr xəbər agentlikləri Qərb mediasının etirazçıların İslam Respublikasının qərbindəki Məlikşahi rayonunu və Abdanan şəhərini ələ keçirməsi barədə xəbərlərini təkzib ediblər. Bu barədə xəbər agentliklərinin veb saytlarında məlumat verilib.

"Məlikşahidə bir neçə gərgin saatdan sonra təhlükəsizlik qüvvələrinin rayonda olması sayəsində vəziyyət tamamilə normallaşıb", - Tasnim xəbər verir.

"Mehr"in məlumatına görə, Abdanandakı dinc aksiya polis nəzarəti altında baş tutub. Aksiya başa çatdıqdan və insanlar dağılışmağa başladıqdan sonra 250-300 nəfərlik bir qrup izdihamdan ayrılaraq vandalizm aksiyalarına başlayıb. Agentlik qeyd edir ki, təhlükəsizlik qüvvələrinin işi sayəsində Abdananda asayiş bərpa olunub və vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, dekabrın sonlarında İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar baş verdi. Etirazlar ölkənin 25 əyalətində 60-dan çox şəhərə yayılıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kermanşah və Lordeqan şəhərləri) qeydə alınıb.

Son xəbərlər