İran MOSSAD üçün casusluq edən şəxsi edam etdi

İran MOSSAD üçün casusluq edən şəxsi edam etdi
Dünya 54

İran vətəndaşı Möhsün Ləngərneşin İsrailin xarici kəşfiyyat xidməti MOSSAD üçün casusluq etdiyi ittihamı ilə edam olunub.

BAKU.WS xəbər verir ki, İranın Məhkəmə Hakimiyyəti tərəfindən yayılan məlumata görə, o, "yer üzündə fəsad törətmək" və "dövlətə qarşı müharibə aparmaq" ittihamları ilə ölüm cəzasına məhkum edilmişdi. Hökm bu gün səhər saatlarında icra olunub.

İran mediasına görə, Ləngərneşin 2020-ci ilin oktyabrında MOSSAD-a qoşulub, müxtəlif təlimlər alıb və ilk tapşırığını həmin ilin dekabrında yerinə yetirib. O, 2022-ci ilin mayında Tehranda İnqilab Keşikçiləri Korpusunun zabiti polkovnik Səyyad Xodayinin qətlə yetirilməsinə dəstək verməkdə də ittiham olunub.

İran rəsmilərinin açıqlamasında qeyd olunub ki, Ləngərneşin dindirilmə zamanı ittihamları qəbul edib və fəaliyyətlərini ətraflı etiraf edib. Bildirilib ki, o, 2 il ərzində həm ölkə daxilində, həm də xaricdə MOSSAD agentləri ilə təmasda olub, Müdafiə Nazirliyinə bağlı İsfahandakı sənaye müəssisəsinə edilən hücumda texniki və logistik dəstək göstərib, rabitə infrastrukturu qurub, avadanlıq təmin edib və təhlükəsizlik məqsədilə bəzi əyalətlərdə evlər kirayələyib.

Son xəbərlər