İran: ABŞ son iki gecə hücumları dayandırdığı üçün cavab zərbələrimizi də dayandırmışıq
ABŞ-nin son iki gecə ərzində İrana qarşı hava hücumları həyata keçirməməsindən sonra Tehran da cavab əməliyyatlarını dayandırdığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bunu İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya dövlət televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın hərbi strategiyası qarşı tərəfin hücumlarına cavab vermək prinsipinə əsaslanır. Bu səbəbdən ABŞ hücumları dayandırdıqdan sonra İran da cavab zərbələrini dayandırıb.
Əkrəminiya ABŞ-ın hücumları dayandırmasının birtərəfli atəşkəs anlamına gəlib-gəlmədiyi barədə suala cavabında Vaşinqtonun hələ də dəqiq strategiya formalaşdırmadığını bildirib. O iddia edib ki, mövcud vəziyyət ABŞ rəhbərliyinin qərarvermə prosesində çətinliklərlə üzləşdiyini göstərir.
İranlı sözçü ABŞ-ın quru əməliyyatı variantını da nəzərdən keçirdiyini irəli sürərək bildirib ki, Vaşinqton İraq müharibəsinin təcrübəsini, İranın müdafiə imkanlarını və regionun geosiyasi reallıqlarını nəzərə alaraq belə bir addımın ağır nəticələr doğuracağını anlayır.
Onun fikrincə, son iki gecə hücumların dayandırılması da ABŞ-ın hərbi strategiyasını yenidən qiymətləndirməsi ilə bağlı ola bilər. Əkrəminiya hesab edir ki, Vaşinqton gələcək addımlarla bağlı müxtəlif ssenarilər hazırlasa da, hazırkı şərait ABŞ üçün əlverişli deyil.
Sözçü əlavə edib ki, ABŞ-ın qarşısında münaqişədən çıxış yolu axtarmaq, genişmiqyaslı hava zərbələrini bərpa etmək və ya quru əməliyyatına başlamaq kimi müxtəlif variantlar mövcuddur. O vurğulayıb ki, İran Silahlı Qüvvələri bütün mümkün ssenarilərə hazır vəziyyətdədir.
Oxşar xəbərlər
İrlandada türk məscidinə irqçi hücum edildi
İrlandanın paytaxtı Dublin şəhərində fəaliyyət göstərən və türk icmasının istifadə etdiyi məscid və təhsil mərkəzinə irqçi motivli hücum baş verib. BAKU.WS xəbə...