İlon Mask Assancın əfv edilməsini dəstəklədi

İlon Mask Assancın əfv edilməsini dəstəklədi
Dünya 33

Amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkəsində ABŞ konqresmenləri Tomas Massi və Ceyms MakQovernin prezident Co Baydenə WikiLeaks-in qurucusu, jurnalist Culian Assancı əfv etmək xahişini dəstəkləyib.

BAKU.WS xəbər verir ki, amerikalı milyader bu barədə "X" şəbəkəsində paylaşım edib.

Bir gün əvvəl "The Guardian" qəzeti yazıb ki, MakQovern və Massi Baydenə məktub göndərərək ondan Assancı əfv etməsini istəyiblər.

Assanc "WikiLeaks" platformasını yaratmaqla və yüz minlərlə məxfi material yayımlamaqla dünya miqyasında tanınıb. 2019-cu ildən bəri o, Londonda yerləşən "Belmarş" ağır rejimli həbsxanasında saxlanılırdı. O, Ekvadorun Londondakı səfirliyindən çıxarılaraq həbs edilmişdi.

ABŞ uzun müddət onun ekstradisiyasına çalışsa da, Assancın müdafiəçiləri bunu əngəlləməyə çalışırdı.

26 iyun tarixində Assanc ABŞ prokurorluğu ilə razılaşma əldə etdikdən və milli müdafiə məlumatlarını əldə etmə və açıqlamaq məqsədilə sui-qəsddə qismən təqsirini qəbul etdikdən sonra Britaniya həbsxanasından azadlığa buraxılıb. Beş il həbsdən sonra o, Avstraliyaya qayıdıb. ABŞ hakimiyyəti isə ona xüsusi icazə olmadan ölkəyə giriş qadağası qoyub.

Qeyd edək ki, Co Bayden daha əvvəl Assancı əfv etməkdən imtina etmişdi.

Son xəbərlər