Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi
Oktyabrın 24-də Fransanın Nitsa şəhərinin mərkəzində qiymət artımına qarşı keçirilən etiraz aksiyası zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, asayişin qorunması üçün əraziyə yüzlərlə polis və jandarm əməkdaşı cəlb olunub.
Dənizkənarı Alp departamentinin prefekturası həmin gün şəhərdə bütün nümayiş və ictimai toplantıları qadağan etsə də, etirazçı qruplar şəhər mərkəzinə toplaşıblar. Prefekturanın məlumatına görə, təxminən 1 000 nəfər yürüş edərək polis və hakimiyyət əleyhinə şüarlar səsləndirib. Nümayişçilər sosial sahəyə və təhsilə ayrılan büdcə vəsaitlərinin azaldılmasına etiraz ediblər.
Massen meydanında nümayişçilərlə polis arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı xüsusi vasitələrdən istifadə ediblər.
Gərginliyə və toqquşmalara baxmayaraq, nümayişçilər şəhər infrastrukturuna və mağazalara zərər vurmayıblar.
Yerli vaxtla saat 16:30-da Nitsa hakimiyyəti 40 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan bəziləri aksiya başlamazdan əvvəl gözyaşardıcı qazdan qorunmaq üçün vasitələr daşıdıqlarına görə saxlanılıblar.
Oxşar xəbərlər
Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb
İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin məhkəmə hakimiyyətinə başçılıq edən Qulamhüseyn Möhsüni-Ejei ilə görüşdə müasir texnologiyalardan maksimum istifadəni...