Folklend adaları uğrunda yeni gərginlik: Britaniya ordusu hərəkətə keçdi

Folklend adaları uğrunda yeni gərginlik: Britaniya ordusu hərəkətə keçdi
Dünya 27

Britaniya hərbçiləri Argentina ilə Folklend adalarının mənsubiyyəti ətrafında mübahisənin yenidən kəskinləşdiyi bir vaxtda arxipelaq üzərində nəzarətin bərpasına dair hərbi təlimlər keçiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

"Cape Upholder" kod adı altında keçirilən altıgünlük təlimlər Şərqi Folklend adasında təşkil olunub. Manevrlərə Britaniya Paraşüt Alayının 2-ci batalyonunun təxminən 150 hərbçisi, eləcə də Folklend adalarının müdafiə qüvvələrinin 100-ə yaxın ehtiyatda olan üzvü qatılıb.

Təlimlərin ssenarisi 1982-ci ilin mayında Britaniya qoşunlarının adalara desant çıxarmasını nəzərdə tutan "Sutton" əməliyyatına əsaslanıb. Həmin əməliyyat Argentina qüvvələrinin arxipelaqa daxil olmasından sonra Britaniyanın adalar üzərində nəzarəti bərpa etmək üçün həyata keçirdiyi hərbi əməliyyatın başlanğıcı olub. Məlumata görə, bu, uzun illər ərzində adalara hücum ssenarisinin məşq edildiyi ilk təlimlərdən biridir.

Britaniya desantçıları "HMS Medway" patrul gəmisi ilə San-Karlos körfəzinə çatdıqdan sonra rezin qayıqlara keçərək sahilə çıxıblar. Daha sonra hərbçilər təxminən 30 kilometrlik gecə yürüşü edərək 1982-ci ildə Argentina qüvvələrinin müdafiə mövqelərinin yerləşdiyi Qus-Qrin ərazisinə doğru irəliləyiblər.

Sübh saatlarında desantçılar Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus "Typhoon" qırıcılarının dəstəyi ilə şərti düşmənin rabitə mərkəzinə hücum ediblər. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına əsasən, hərbçilər üç saat ərzində bir neçə kilometr irəliləyərək həmin ərazidəki şərti düşmən qüvvələrini zərərsizləşdiriblər.

Təlimlərin növbəti mərhələsində helikopterlər vasitəsilə hərbçilər və hərbi texnika Uayrliss-Ric silsiləsinə yaxın əraziyə daşınıb. Port-Stenlidən çox da uzaqda yerləşməyən bu strateji yüksəklik istiqamətində təxminən 13 kilometrlik yürüş həyata keçirilib. Ərazidə iki saat ərzində qayalıq sahələrdə və torflu bataqlıqlarda yaxın məsafəli döyüş ssenariləri üzrə məşqlər aparılıb.

Təlimlərdə iştirak edən bölük komandiri, mayor Nunkusinq bildirib ki, manevrlər hərbçilərə 1982-ci ildə döyüşmüş sələflərinin keçdiyi yolla irəliləmək və onların qələbə qazanmaq üçün üzləşdikləri çətinlikləri daha yaxşı anlamaq imkanı verib. Onun sözlərinə görə, mürəkkəb şəraitdə Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri ilə birgə məşqlər keçirmək də mühüm təcrübə olub.

Bununla yanaşı, təlimlər yalnız 44 il əvvəl baş vermiş hadisələrin təkrarlanması ilə məhdudlaşmayıb. Hərbçilər mümkün düşmən pilotsuz uçuş aparatlarının hücumlarını da ssenariyə daxil edərək mövcud taktikanın zəif tərəflərini müəyyənləşdirməyə çalışıblar.

Manevrlər Argentina prezidenti Xavyer Mileyin Folklend adalarını "işğal altında olan" ərazi adlandırmasından sonra keçirilib. Bu açıqlama iki ölkə arasında arxipelaqın statusu ilə bağlı mübahisənin yenidən gündəmə gəlməsinə səbəb olub.

Qeyd edək ki, Folklend adaları 1982-ci ildə Argentina və Böyük Britaniya arasında müharibəyə səbəb olub. Həmin il Argentina qüvvələri adalara daxil olub, Britaniya isə hərbi əməliyyatlar nəticəsində arxipelaq üzərində nəzarətini bərpa edib. Adaların suverenliyi ilə bağlı mübahisə bu gün də davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər