Dənizaltıda 9 ton narkotik maddə ələ keçirildi
Portuqaliya sahillərində dayandırılan yarıbatıq tipli dənizaltıda 9 ton narkotik maddə aşkarlanıb. Ölkə tarixinin ən iri narkotik əməliyyatlarından biri kimi qeydə alınan əməliyyat zamanı 4 nəfər saxlanılıb.
BAKU.WS xəbər verir ki, Portuqaliya polisi Azor adaları yaxınlığında keçirilən beynəlxalq əməliyyat çərçivəsində narkotik daşınması üçün istifadə edilən yarıbatıq dənizaltını ələ keçirib. Məlumata görə, Atlantik okeanında aşkar edilən dənizaltıda olan narkotik maddə bağlamalarının ümumi çəkisi təxminən 9 tona çatıb. Bu göstərici Portuqaliya tarixində ən böyük narkotik müsadirəsi hesab olunur.
Dənizaltı Azor arxipelaqından təxminən 230 dəniz mili məsafədə saxlanılıb. Çətin hava və dəniz şəraitində aparılan əməliyyat zamanı dənizaltıda olan 300 bağlamadan təxminən 35-i dənizə düşüb.
Əməliyyat nəticəsində ekipaj üzvləri – 3 kolumbiyalı və 1 venesuelalı şəxs saxlanılıb. Narkotik maddənin Avropa bazarına çatdırılmadan ələ keçirilməsi beynəlxalq narkotik qaçaqmalçılığına qarşı mübarizədə mühüm uğur kimi qiymətləndirilir.
Polisin açıqlamasına əsasən, əməliyyatda Donanma, Hərbi Hava Qüvvələri, həmçinin ABŞ və Böyük Britaniyadan olan mütəxəssislər də iştirak edib. Müsadirə edilən narkotik maddənin bazar dəyərinin təxminən 600 milyon avro olduğu ehtimal edilir.
Qeyd edək ki, Latın Amerikasından Avropaya narkotik daşınmasında istifadə edilən yarıbatıq dənizaltılar ("narko-sub") son illər geniş yayılıb və bu əməliyyat transatlantik narkotik marşrutlarının miqyasını bir daha gündəmə gətirib.
Oxşar xəbərlər
Tramp və Şara Suriyada keçid prosesini müzakirə ediblər
Suriya Prezidenti Əhməd Şaranın ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında Suriyadakı keçid prosesi və sabitlik məsələlərini müzakirə etdiyi bildirilib...