Cənubi Koreyada meşə yanğınları bir həftə sonra nəzarət altına alındı

Cənubi Koreyada meşə yanğınları bir həftə sonra nəzarət altına alındı
Dünya 16

Cənubi Koreyanın cənub-şərqində 21 martda başlayan və indiyədək "ən ağır yanğınlar" kimi qiymətləndirilən meşə yanğınları tam nəzarət altına alınıb.

BAKU.WS xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, yanğınlar çoxsaylı insan tələfatına və böyük maddi ziyana səbəb olub. Cənubi Koreyanın Meşə Xidməti bildirir ki, gecə yağan yağış, yaxşılaşan görünüş məsafəsi və aşağı temperatur yanğınsöndürənlərin işini asanlaşdırıb. Nəticədə, yerli vaxtla saat 17:00-da yanğınların tam nəzarət altına alındığı açıqlanıb.

Yanğınlar nəticəsində paytaxt Seulun təxminən 80%-nə bərabər olan 48 min hektar meşəlik sahə külə dönüb.

Yanğınlarla mübarizə aparmaq üçün Şimali Qyonqsanq əyalətinə bağlı Uiseonq və digər bölgələrdə 5 min 580 nəfər işçi, 86 yanğınsöndürmə helikopteri və 569 yanğınsöndürən avtomobil cəlb edilib.

Ölkədə 2000-ci ildə baş vermiş və dövrünün "ən ağır" meşə yanğınları hesab edilən hadisədə 23 min 794 hektar ərazi yanmışdı.

Yanğınlar səbəbindən təxminən 38 min insan evlərini tərk edib, 28 nəfər həyatını itirib, 37 nəfər isə yaralanıb.

Son xəbərlər