Ayda diametri 225 metr olan yeni nəhəng krater aşkar edilib
Ay səthində nadir hadisə qeydə alınıb. Diametri 225 metr olan yeni iri kraterin yarandığı müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Universe Today" portalı məlumat yayıb. Bildirilir ki, krater kosmik cismin Ay səthinə düşməsi nəticəsində əmələ gəlib.
Alimlər qeyd edirlər ki, Ay zahirən "sakit" görünsə də, onun səthi daim dəyişir. Yer kürəsindən fərqli olaraq, Ayda atmosfer, külək və su olmadığından baş verən toqquşmaların izləri uzun müddət dəyişməz qalır.
Araşdırmalar Lunar Reconnaissance Orbiter aparatının çəkdiyi görüntülər əsasında aparılıb. Bu görüntülər zərbədən əvvəl və sonrakı vəziyyəti müqayisə etməyə imkan verib.
Məlumata görə, yeni krater missiya müddətində qeydə alınmış əvvəlki ən böyük kraterdən üç dəfədən çox böyükdür. Alimlər belə hadisələrin eyni ərazidə orta hesabla 139 ildə bir baş verdiyini bildirirlər.
Kraterin dərinliyi təxminən 43 metrdir. Ətraf əraziyə böyük qaya parçaları səpələnib və onların bəzilərinin ölçüsü 13 metrə çatır.
Tədqiqatçılar zərbənin istiqamətini də müəyyən ediblər. Kosmik cismin cənub-qərb istiqamətindən gəldiyi və əsas materialın şimala doğru yayıldığı qeyd olunur.
Krater daxilində müşahidə edilən tünd sahələr isə xüsusi maraq doğurub. Alimlərin fikrincə, bunlar zərbə zamanı ərimiş və dərhal soyuyaraq şüşəvari formaya düşmüş süxurlardır.
Oxşar xəbərlər
ABŞ Prezidenti Britaniyanın Şimal dənizində neft hasilatından imtina etməsini dəlilik adlandırıb
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Şimal dənizində neft hasilatından imtina etməsinin tamamilə dəlilik olduğunu bildirib. BAKU.WS "Report"a istinadə...