Avropa İttifaqı ABŞ-yə belə cavab verdi
Avropa Parlamenti Avropa İttifaqı ilə ABŞ arasında imzalanmış ticarət sazişinin ratifikasiyası prosesini dayandırmaq qərarına gəlib. Bu addım ABŞ Prezidenti Donald Trampın son dövrlərdə Avropa İttifaqına qarşı səsləndirdiyi sərt bəyanatlar və təhdidlər fonunda atılıb.
BAKU.WS xəbər verir ki, Avropa Parlamentində ən böyük siyasi qüvvə sayılan Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veber Almaniyanın "ZDF" televiziya kanalına bildirib ki, AP ötən yay Aİ və ABŞ arasında əldə olunmuş razılaşmanın ratifikasiyasını dondurmaqla Vaşinqtona açıq mesaj göndərib.
Onun sözlərinə görə, bu qərar Tramp administrasiyasına qarşı ilk siyasi siqnaldır:
"Biz dünən gecə çox mühüm bir qərar verdik. Avropa ilə ABŞ arasında imzalanmış ticarət müqaviləsinin ratifikasiyasını dayandırdıq. Bu isə o deməkdir ki, Amerika məhsulları Avropa İttifaqının daxili bazarına rüsumsuz daxil olmaq imtiyazını itirir. Donald Tramp dünən gecə ciddi şəkildə uduzdu".
Xatırladaq ki, yanvarın 26-da Avropa Parlamentində 2025-ci ilin yayında Brüssel və Vaşinqton arasında əldə edilmiş razılaşmanın əsas bəndlərindən biri - ABŞ sənaye məhsullarına tətbiq olunan tariflərin ləğvi məsələsi üzrə səsvermə keçirilməsi planlaşdırılırdı. Bu razılaşma tərəflər arasında ticarət əlaqələrinin liberallaşdırılması baxımından mühüm addım hesab olunurdu.
"Politico" nəşrinin yazdığına görə, Trampın son açıqlamaları Avropa Parlamentində bir sıra deputatların kəskin etirazına səbəb olub. Nəticədə bəzi qanunvericilər səsvermənin ümumiyyətlə keçirilməməsini tələb ediblər və bununla da tariflərin ləğvi ilə bağlı qərarın qeyri-müəyyən müddətə dondurulmasına nail olublar.
Bununla yanaşı, Böyük Britaniyanın nüfuzlu "Financial Times" (FT) qəzeti Avropa rəsmilərinə istinadən xəbər verir ki, Aİ-yə üzv ölkələr ABŞ-yə qarşı mümkün cavab tədbirlərini də gündəmə gətiriblər. Xüsusilə Qrenlandiya məsələsi ilə bağlı gərginlik fonunda Avropa İttifaqı ABŞ-yə qarşı ümumi həcmi 93 milyard avroya çatan iqtisadi və ticarət sanksiyalarının tətbiqi ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, bu proses Aİ-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər və tərəflər arasında ticarət əməkdaşlığına ciddi təsir göstərə bilər. Avropa Parlamenti isə açıq şəkildə bildirir ki, Avropa bazarına çıxış yalnız qarşılıqlı hörmət və razılaşmalara sadiqlik şəraitində mümkün olacaq.
Oxşar xəbərlər
Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
Azərbaycanda ayaqqabı istehsalı iki faizdən çox artıb. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 936 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statist...