Alimlər koronavirus və qrip viruslarını səs dalğaları ilə zərərsizləşdiriblər

Alimlər koronavirus və qrip viruslarını səs dalğaları ilə zərərsizləşdiriblər
Dünya 12

San Paulo Universitetinin alimləri ultrasəs dalğalarının virusları zərərsizləşdirə bildiyini laboratoriya şəraitində sübut ediblər.

BAKU.WS xəbər verir ki, araşdırma zamanı tibb sahəsində görüntüləmə üçün istifadə olunan 3–20 MHz diapazonunda ultrasəs tezlikləri COVID-19 və Qrip virusları üzərində sınaqdan keçirilib. Təcrübələr göstərib ki, yüksək tezlikli səs dalğaları virusların xarici qoruyucu qatını parçalaya bilir.

Mütəxəssislərin sözlərinə görə, proses "akustik rezonans" prinsipi əsasında işləyir. Səs dalğasının tezliyi virusun təbii titrəmə tezliyi ilə uyğunlaşdıqda yaranan enerji virusun strukturunu dağıdır.

Araşdırma zamanı sağlam hüceyrələrin temperatur və pH göstəricilərində dəyişiklik müşahidə olunmayıb. Bu isə üsulun yalnız virusları hədəf aldığını göstərir.

Layihə üzərində çalışan alim Odemir Martinez Bruno bildirib ki, sferik quruluşa malik viruslar ultrasəs enerjisini daha çox mənimsəyir. Onun sözlərinə görə, viruslar mutasiyaya uğrasa belə formaları dəyişmədiyi müddətdə bu üsul təsirini saxlaya bilər.

Alimlər ultrasəs metodunun dərman müqaviməti yaratmaması və əlavə tullantı əmələ gətirməməsi səbəbindən ekoloji baxımdan da üstünlük təşkil etdiyini qeyd edirlər.

Bununla belə, metodun hələ klinik tətbiq mərhələsinə çatmadığı və heyvanlar üzərində sınaqların aparılmadığı vurğulanıb. Hazırda tədqiqatçılar Zika virusu, Denq qızdırması və Çikunqunya kimi digər viruslar üzərində də araşdırmaları davam etdirirlər.

Tədqiqatın nəticələri Scientific Reports jurnalında dərc olunub

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər