ABŞ-də DƏHŞƏTLİ YANĞIN: 10 minlərlə bina, məktəb, mağaza, kilsə kül olub

ABŞ-də DƏHŞƏTLİ YANĞIN: 10 minlərlə bina, məktəb, mağaza, kilsə kül olub
Foto Video
Dünya 352

ABŞ-nin Kaliforniya ştatında baş verən meşə yanğınlarında ölənlərin sayı 8 nəfərə çatıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Yanğın cari həftənin əvvəlində Palisades bölgəsində başlayıb və "İton" adını alıb. Yanğın nəticəsində 10 mindən çox bina məhv olub və ya zərər görüb. Bu binalara yaşayış evləri ilə yanaşı, məktəblər, kitabxanalar, kilsələr, sinaqoqlar, mağazalar, restoranlar və banklar da daxildir.

Yanğın nəticəsində bir çox Hollivud ulduzu da evsiz qalıb, o cümlədən Entoni Hopkins, Adam Brodi, Leyton Mester və başqaları. Digər məşhurların, o cümlədən Stiven Spilberq, Ceymi Li Kertis, Teylor Svift, Ben Afflek və başqalarının əmlakı da təhlükə altındadır.

Yanğınsöndürmə xidmətinin qiymətləndirməsinə görə, yalnız Pacific Palisades bölgəsində (Hollivud məşhurlarının çoxluq təşkil etdiyi elit yaşayış sahəsi) 1000-dən çox bina yanaraq külə dönüb. Eaton Canyon ərazisində isə təxminən bir o qədər bina zədələnib və ya məhv olub. Bütün həlak olanların meyitləri bu bölgədə tapılıb.

Qeyd edək ki, yanvarın 8-də yanğın Hollivud Təpələri bölgəsində başlayıb. Burada məşhur Hollivud nişanı yerləşir. Alov Hollivud Bulvarı və Hollivudun "Şöhrət Xiyabanı"na yayılıb.

ABC News xəbər verir ki, Los-Ancelesdə altı meşə yanğını davam edir, yalnız birini lokallaşdırmaq mümkün olub. CNN isə beş yanğından bəhs edir, bunlardan biri cəmi 40 faiz nəzarət altındadır. Təxliyə zonasındakı 130 mindən çox insan yaşayış yerlərini tərk etməli olub, on minlərlə insan artıq köçürülüb. Los-Ancelesdə daha 200 min nəfərə evakuasiya xəbərdarlığı edilib.

Yanğınlarla mübarizəni güclü küləklər və quru hava çətinləşdirir. Yanğınların ümumi ərazisi 100 kvadrat kilometrdən çoxdur.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles vilayətində meşə yanğınları nəticəsində iqtisadi itkilər son 24 saat ərzində iki dəfədən çox artıb və hazırda 50 milyard dollara yaxındır. Bu barədə ABŞ-ın "JPMorgan Chase" maliyyə təşkilatının hesablamalarında deyilir.

Bildirilir ki, sığortalanmış zərər 20 milyard dolları keçə bilər və bunun sığorta sənayesinə təsirini yanğınlar tam söndürüləndən sonra hesablamaq mümkün olacaq. Ehtimal olunur ki, bu hadisə sığorta sənayesinə 2018-ci ildə Şimali Kaliforniyanın Byutt vilayətində baş vermiş yanğından iki dəfə çox zərər vuracaq. Həmin vaxt dəymiş ziyan 10 milyard dollar olub. Hesabata əsasən risk altında olan ev və binaların sayı 15 minə yaxındır.

Son xəbərlər