ABŞ-da yük təyyarəsi qəzaya uğradı: 7 ölü, 11 yaralı

ABŞ-da yük təyyarəsi qəzaya uğradı: 7 ölü, 11 yaralı
Dünya 64

ABŞ-nin Kentukki ştatında yerləşən Məhəmməd Əli Beynəlxalq Hava Limanında faciəvi aviasiya qəzası baş verib. UPS şirkətinə məxsus yük təyyarəsi havaya qalxdıqdan bir neçə saniyə sonra yerə çırpılıb. Qəza nəticəsində 7 nəfər həyatını itirib, 11 nəfər yaralanıb, daha 2 nəfər isə itkin düşmüş hesab olunur.

BAKU.WS xəbər verir ki, Kentukki ştatının qubernatoru Endi Beşir hadisə ilə bağlı "X" platformasında paylaşım edərək bildirib ki, "Louisville şəhərindən gələn xəbərlər çox ağırdır. Ölənlərin sayı azı 7 nəfərdir, lakin bu rəqəmin artmasından narahatıq".

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib, onların vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib. Qubernator həmçinin vurğulayıb ki, təyyarədə çevrə üçün təhlükə yarada biləcək hər hansı zərərli və ya kimyəvi yük olmayıb.

Louisville şəhərinin meri Kreyg Qrinberq açıqlamasında bildirib ki, hadisə yerinə bütün təcili yardım və yanğınsöndürmə qrupları cəlb edilib, qəza nəticəsində alovlanan təyyarədə yanğınsöndürmə əməliyyatları davam edir.

Qəzanın yayılan görüntülərində təyyarənin qalxış zamanı sol mühərrikindən alov çıxdığı, az sonra isə yerə düşərək alov topuna çevrildiyi görünür.

Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzayla bağlı birgə istintaqa başlayıb.

Son xəbərlər