SİZİN REKLAM BURADA!
055 213 76 73


Hamımız hər gün "Facebook"dan istifadə edirik. Bəlkə də, elə bu məqaləni də oradan oxuyursunuz. Bəs heç fikirləşmisiniz ki, istifadə etdiyiniz platformanın arxasında hansı işlər görülür və kimlər var?!

BAKU.WS techland.az-a istinadla Tariyel Ağazadənin "Facebook"un Kaliforniyadakı baş ofisində keçirdiyi bir günü təqdim edir: 

Bu gün sizə bu haqda danışacam və "Facebook"un Kaliforniyadakı baş ofisində keçirdiyim bir günümü sizə təqdim edəcəm.

İlk olaraq onu qeyd edim ki, "Facebook"un baş ofisinə giriş hər kəs üçün açıq deyil. Mütləq orada çalışan bir nəfər tanışınız olmalıdır ki, sizi “Visitor” kimi içəri salsın. Ancaq ora daxil olduqdan sonra şirkətin, demək olar ki, bütün xidmətləri sizə açıq olur. Əsas şərt sizi gəzdirən bələdçinin (tanışınızın) daim yanında olmaq və qrupdan ayrılmamaqdır. Sizi bələdçisiz daxildə tutsalar, sizin tanışınız üçün problemlər yaratmış olacaqsınız.

Ən maraqlısı “Visitor” kimi içəri daxil olduğunuzdan sonra başlayır. İşçilər üçün nəzərdə tutulmuş bir çox xidmətlər sizə açıq olur. Kampus daxilində olan müxtəlif idman zalları, hər mətbəxdən olan restoranlar, oyun zalları və s. xidmətlər tamamilə pulsuzdur.

Qonaq qismində kampusda olduğunuz zaman bütün bu xidmətlər sizə də şamil olunur. Təsəvvür edin, hamının xəyal etdiyi bir yerdəsiniz. Hansı restorana girirsən gir, hansı dondurma evinə, əyləncə oyun zalına, fərqi yoxdur, hər şey pulsuz və limitsiz. Yer üzərində cənnət!

Mənim şirkətə ziyarətim günorta vaxtlarına təsadüf elədi və naharı elə orada eləmiş oldum. Yeməkləri soruşsanız, mükəmməl deyərdim və susardım.

Kampusun ərazisi bir neçə binadan ibarətdir. İlk giriş elədiyim bölmə 10 nömrə idi. Həmin bölmədə müxtəlif restoranlar, paltar-suvenir dükanları, oyun zalları, taxta emalı emalatxanası və digər işçilərin istirahəti üçün nəzərdə tutulmuş məkanlar yerləşir. İlk olaraq bu məkanları gəzdim və burada olan ən maraqlı zallara dəydim. Bunlardan biri və ən yadda qalanı emalatxana idi.

Bu emalatxanada işin yükündən yorulmuş insanlar öz ideyaları əsasında taxtadan müxtəlif mebellər düzəldirlər və hətta öz evlərinin mebellərini burada düzəldənlər də var. Bu hissədə həmçinin rəsmi paltar və suvenir dükanları var və siz buradan orijinal "Facebook", "Instagram" kimi brendlərin kofta, stiker və s. ala bilərsiniz. Əlbəttə ki, mən də bu fürsəti qaçırmayaraq dəyərləndirdim.

Əyləncə hissəsini qoyaq bir kənara və keçək əsas iş prosesinə. Buranı ziyarət etdikdən sonra işçilərin olduğu iş məkanına getdik. Təsəvvür edin, çox böyük açıq məkan və yan-yana sıx oturmuş qarışqa kimi çalışan adamlar. Ekranlara fikir versən, birində "Facebook" açılıb, digərində isə yüz sətir kod. Burada anlamağa başlayırsan ki, hər gün istifadə etdiyiniz platformanı bu qarışqa kimi işləyən adamlar düzəldir və işlək saxlayır. Və bu adamlardan burada minlərlədir.

Biri “like” hissəsinə, biri “comment” hissəsinə və belə hər kəs bir funksiyaya görə məsuliyyət daşıyır. Qeyd edim ki, şirkətdə ümumilikdə qırx minə yaxın insan çalışır və bu rəqəm getdikcə istifadəçi sayı ilə paralel artır. Hətta işçilərlə bağlı sizə bir maraqlı qısa hekayə danışmaq istəyirəm. Yaxınlarda ofisə təzə gələn təcrübəçi elədiyi kiçik bir səhvə görə dünyanın hər yerində "Facebook"da problem yarandı. Əlbəttə, oğlanı dərhal tapıb problemi həll etdilər. Bəs, sizcə, təcrübəçiyə nə etdilər?!

Platformada olan bu zəifliyi tapdığına görə təşəkkür etdilər. Düşünün, bu problem nə qədər vacibdir. Sadə təcrübəçi səhvi bütün platformanı çökdürmüşdü. Hal-hazırda planetdə iki milyarddan çox insan bu platformanı istifadə edir. İş gedən ərazidə xüsusi qaydalardan biri də iş gedən zaman prosesin çəkilişinin qadağan olunmasıdır. Ancaq mən də Azərbaycanlı olmazdım, buradan sizin üçün gizli şəkil çəkməsəydim.

Kampusda əsas iş ofislərindən başqa baş çəkə biləcəyiniz "Instagram", "Whatsapp" və "Oculus" ofisləri də vardır. Bu ofislərdə insanlar yalnız həmin platformanın problemlərinin həlli ilə məşğul olurlar. Mənim bəyəndiyim hissə "Oculus" oldu.

"Facebook"un ofisi "Apple" və "Google" kimi ofislərdən daha sərbəst olmağı ilə fərqlənir. Kampusda olan mühit, bəlkə də, hər birinizin arzuladığı və işləmək istədiyi mühitdir. İşçilərin performansı işlədiyi saatlarla, yox taskı vaxtında edib etməməsi ilə ölçülür.

Bir proyektin "deadline"ı var və işçi o vaxta kimi onu təhvil verməlidir. Mən özüm də bu qayda ilə işlədiyim üçün bunun nə qədər effektiv olduğunu çox yaxşı anlayıram.

Buranın sərbəstliyini, rahatlığını və müasirliyini çox bəyəndim və buralara gəlsəniz, mütləq ziyarət etməyinizi tövsiyə edərdim. Məni "Facebook" daxilində qarşıladığına görə isə orada çalışan həmyerlimiz Altay Haqverdiyeva minnətdarlığımı bildirirəm. Bloqumu növbəti günlərdə izləməklə "Silikon Vadisi"nin ən maraqlı yerləri haqqında məlumatları əldə edə bilərsiniz.

BAKU.WS