Koronavirusun böyük effekti: Çin bioloji savaşa məruz qalmış vəziyyətdədir

Koronavirusun böyük effekti: Çin bioloji savaşa məruz qalmış vəziyyətdədir
Siyasət 3161

Dünya artıq yeni dövrə - bioloji savaş mərhələsinə qədəm qoyub və bundan sonra insanların taleyi bakteriyalara və viruslara sahib olanların nəzarətinə keçə bilər...

BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, dünyanın “ağzı-burnu” bağlanmağa başlayıb. İndi planetin bir çox dövlətlərində, xüsusilə də Asiya qitəsinə aid ölkələrdə insanların mütləq əksəriyyəti maska ilə gəzirlər. Maskalı insanlar dünyanın ən çox əhalisi olan ölkəsində - Çində üstünlük təşkil edirlər.

Əslində bu, qətiyyən təəccüblü deyil. Ən azından ona görə ki, dünyanın “ağzını-burnunu bağlayan” səbəb məhz Çin ərazisində ortaya çıxıb. Və bütün dünyanı hər ötən gün daha çox təhdid edir.

Məsələ ondadır ki, Çin insan həyatı üçün ən real təhlükə statusu qazanmış koronavirusun “vətən”i sayılır. Bu virus məhz Çin ərazisində peyda olub və əsl qaynağı isə hələlik tam dəqiqliyi ilə məlum deyil.

Halbuki qorxunc virusun insanlara yarasalardan keçdiyi də ilkin ehtimallar arasındadır. Belə ki, mütəxəssislər koronavirusun yarasalarda mövcud olduğunu iddia edirlər. Çin əhalisi arasında isə yarasa ətindən bişirilmiş şorba olduqca populyardır.

Əlbəttə, bu yalnız ilkin ehtimaldır və elmi-tibbi araşdırmalardan sonra özünü doğruldub-doğrultmayacağı müəmmalıdır.

Amma müəmmalı olan digər önəmli məqamlar da mövcuddur. Məsələn, çinlilərin yarasa şorbası yemələri adi hal hesab olunur. Əgər bu doğrudursa, onda koronavirus niyə məhz indi yarasalardan çinlilərə ötürüldü?

Digər bir maraqlı məqam ondan ibarətdir ki, son 10 ildə belə öldürücü və elmə naməlum viruslar, demək olar, hər il peyda olur. İndiyə qədər çoxlu sayda belə viruslar yayılıb və minlərlə insanın həyatına son qoyub.

Ancaq qəribə də olsa, bu tipli viruslar adətən, Şərqi Asiya ölkələrində, xüsusilə də məhz Çin ərazisində peyda olur və böyük sürətlə yayılır və bu epidemiyalarının yayılmasının qarşısı məhz virus Qərb ölkələrinin ərazisinə daxil olduqdan sonra alınır. Həm də bu viruslar gözlənilmədən peyda olduqları kimi elə birdən-birə dərhal qısa müddətdə də yoxa çıxır.

Təbii ki, bütün bunlar istər-istəməz düşünən insanlarda müəyyən şübhələr doğurur. Məsələn, viruslar Asiyada minlərlə can aldıqda, onun qarşısını almaqda aciz olan müasir tibb elmi epidemiya Avropaya doğru yol aldıqdan sonra qısa müddətdə antivirusu kəşf edir və hər şey normala dönür.

Ona görə də belə ehtimallar var ki, bu viruslar təsadüfən yayılımır. Əksinə, bu viruslar xüsusi laboratoriyalarda hazırlanır və istehsalçıların “düşmən və rəqib” hesab etdiyi ölkələrin ərazisində yayılır.

Digər önəmli iddialardan biri ondan ibarətdir ki, bu viruslar yaradılarkən onların hədəf ölkənin ərazisində əhalinin qida rasionunda xüsusi yer tutan canlılar üzərindən yayılma perspektivi mütləq nəzərə alınır və virusun süni şəkildə yayılma şübhələrinin üzərinin qapadılmasında bu amil “örtük faktor” kimi istifadə edilir.

Ən çox yayılmış iddialara görə, bu tipli öldürücü viruslar bioloji silah olub hədəf ölkələrin ərazisində qısamüddətli sınaqdan çıxarılır. Yəni gələcəkdə istifadə edildikdə hansı effekti verə biləcəyi əvvəlcədən müəyyən olunaraq hazır vəziyyətdə saxlanılır.

Onu da qeyd edək ki, vaxtilə “quş qripi” kimi məşhur olan virusun yayıldığı dövrdə onun antivirusu bir Avropa şirkəti tərəfindən hazırlanmışdı və qəribə də olsa, yarımhərbi xarakter daşıyan həmin şirkətin ortaqlarından birisinin məhz ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldə yaxın şirkətin olduğu iddia edilmişdi. Baş verənlərin də bir bioloji silahın sınağı ola biləcəyi də məhz həmin iddiaların ortaya çıxmasından sonra aktuallaşmışdı.

Bütün bunları nəzərə alan bəzi ekspertlər necə adlanmasından asılı olmayaraq bu virusları bioloji silah hesab etdiklərini vurğulayırlar. Onların fikrincə, demək olar ki, son illərdə mütəmadi olaraq təkrarlanan qısamüddətli epidemiyalar ilk dövrlərdə sadəcə laboratoriya şəraitində yaradılmış virusların (bioloji silahlar) sınağı rolunu oynayırdı. Ancaq son dövrlərdə bu epidemiyalar yalnız sınaq deyil, həm də qısamüddətli bioloji savaş xarakteri almağa başlayıb.

Əlbəttə, indiki halda ekspertlərin iddialarının doğru ola biləcəyini birmənalı şəkildə şübhə altına almaq bir qədər çətindir. Ən azından ona görə ki, həmin iddiaları təsdiqləyə və onların ciddiyə alınmasına səbəb ola biləcək kifayət qədər xoşagəlməz əlamətlər mövcuddur və bu əlamətlərin sayı heç də az deyil.

Məsələ ondadır ki, müasir dövrdə nəhəng dövlətlər bir-birinə qarşı silahlı qarşıdurmayla müşayiət olunan müharibələrə qətiyyən həvəsli deyillər. Müasir dövrdə silahlar yalnız 3-cü dünya dövlətlərinə qarşı istifadə edilir.

Nəhəng dövlətlər arasındakı mübarizə isə əsasən maliyyə-iqtisadi faktorlar üzərindən aparılır. Yəni rəqib dövlətlər bir-birinin maliyyə-iqtisadi gücünü zəiflətməyə çalışırlar. Bununla beynəlxalq siyasət məkanında qüvvələr nisbətinin nəzarətdə saxlanmasına can atırlar.

Son onilliyin maliyyə-iqtisadi və siyasi mənzərəsinə nəzər saldıqdasa, Çinin sürətlə inkişaf edərək böyüməkdə olduğunu müşahidə etmək mümkündür. Belə ki, Çin artıq dünyanın 2-3 supergücündən birinə çevrilmiş kimi görünür və bəzi ehtimallara görə, bu, Çinin inkişaf perspektivində son hədd deyil. Yaxın gələcəkdə - təxminən 2030-cu il ərəfəsində Çin dünyanın yeganə superdövləti səviyyəsinə də yüksələ bilər və Çinin inkişaf sürəti bunun tamamilə real ola biləcəyini göstərir.

Təbii ki, Çinin yaxın gələcəkdə dünyanın siyasət poliqonunda ön plana keçmə perspektivləri ABŞ və Qərbi qətiyyən məmnun edə bilməz. Əksinə, bu ehtimal ABŞ və Qərbdə ciddi şəkildə narahatlıq doğurmaqdadır. Beləliklə, əsas hədəf kimi Çinin sürətli yüksəlişinin qarşısının alınması ön plana keçirilmiş kimi görünür.

Şübhəsiz ki, Çinin yüksəlişini durdurmaq üçün ən təsirli vasitə məhz bu dövlətin maliyyə-iqtisadi sferasının hədəfə alınaraq sarsıdıcı zərbələrə məruz qoyulması ola bilər. Son baş verənlər də məhz Çin iqtisadiyyatının birbaşa hədəfdə olduğunu göstərir.

Məsələ ondadır ki, koronavirus yalnız Çin vətəndaşlarının həyatına təhlükə törətmir. Eyni zamanda bu virus həm də Çin iqtisadiyyatını elan edilməmiş embarqolara məruz qoymağa başlayıb.

Hər halda, son günlərdə Çinlə ticarət edən dövlətlərin tərəddüdlü davranışları belə düşünməyə tamamilə əsas verir. Artıq bəzi ölkələr Çinlə ticarət əlaqələrini müvəqqəti dayandırıblar. Hətta təyyarə reyslərini tamamilə kəsən və ya məhdudlaşdıran ölkələr də var və bütün bunlar böyüməkdə olan Çin iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqdadır.

Təbii ki, bütün bunlar koronavirusun təsadüfən ortaya çıxan fəlakət deyil, planlı şəkildə bu ölkədə yayılmış epidemiya olduğunu ehtimal etməyə əsaslar verir. Əgər bu ehtimal özünü doğruldarsa, onda koronavirusun adi xəstəlik deyil, birmənalı şəkildə xüsusi laboratoriyalarda hazırlanaraq Çinə qarşı tətbiq edilmiş bioloji silah olduğunu inkar etmək çətin olacaq.

Belə anlaşılır ki, hələlik tam təsdiqini tapmasa da dünyanın yeni bir müharibə növüylə - bioloji savaşla üz-üzə qaldığından şübhələnmək qətiyyən yersiz deyil. Əgər yaxın həftələrdə və ya aylarda koronavirusun antivirusu dövriyyəyə buraxılarsa, bioloji savaşla bağlı şübhələr də haqlı görünəcək. Çünki koronavirus hansısa xüsusi laboratoriyalarda hazırlanıbsa, heç şübhə yoxdur ki, onun istehsalçısı artıq antivirusa da çoxdan sahibdir.

Bu isə o deməkdir ki, dünya artıq yeni dövrə - bioloji savaş mərhələsinə qədəm qoyub. Bundan sonra insanların taleyi bakteriyalara və viruslara sahib olanların nəzarətinə keçə bilər.

Son xəbərlər